Abbas:
Siftah nədən binə qurdu dünyayı,
Zaftı necə sirr üstündə əyləndi,
Yeddinci zəminin ismini söylə,
Rafı dəngə nə üstündə əyləndi.
Şenlik:
Haqq nurundan binə qurdu dünyayı,
Canlı cinli sirr üstündə əyləndi,
Yeddinci zəminin ismi Əcvadır,
Rafı dəngə yer üstündə əyləndi.
Abbas:
Əzrayıldan sonra bilsən kim ölü,
Kimin qəzəbində fəthi cəng olu,
Neçə min il yoldu Sıratın yolu,
Necə belə şər üstündə əyləndi.
Şenlik:
Əzrayıldan sonra əcəl də ölü,
Yəhya qəzəbində qəti cəng olu,
Üç min illik yoldu Sıratın yolu,
Yeddi damı nar üstündə əyləndi.
Abbas:
Abbas da bu raha qoyubdu üzü,
Nə donda yaratdı lövhi-mahfuzu,
Kimdir deyər deyər, tükənməz sözü,
Çəkər ahu, zar üstündə əyləndi.
Şenlik:
Şenlik der: qaradır namərdin üzü,
Yaxud əhmərdəndir lövhi-mahfuzu,
Loğman deyər deyər, tükənməz sözü,
Çəkər ahu, zar üstünə əyləndi.