Əylənməz (Aşıq Abbas Tufarqanlı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əylənməz
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.74.

Duman, gəl get bu dağlardan,
Bahar gəldi, qar əylənməz.
Bu dünya bir bivəfadı,
Gözəldə ilqar əylənməz.

Gözəlin qaşı qaradı,
Bayqunun meyli haradı?
Bu dünya karvansaradı:
Hər gələn qonar, əylənməz.

Abbas deyər hac olanda,
Kəbəyə merac olanda.
Doğru yoldan gəc olanda,
Namus gedər, ar əylənməz.