Əylənməz (Aşıq Bəsti)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əylənməz (Aşıq Bəsti)
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Meyvələri kal-kal düşər,
Hər ağacda bar əylənməz.
Uca dağlar saxlar qarı,
Alçaq dağda qar əylənməz.

İtkin yarı soraqlaşdım,
Alçaq, uca dağlar aşdım.
Səni gördüm, yolu çaşdım,
Yox, bu yerdə yar əylənməz.

Bəstini yandırıb-yaxdın,
Sən hardan uğruma çıxdın?
Qara pula dönsün baxdın,
Ac qarında var əylənməz.