Əzəl
Müəllif: Növrəs İman
Mənbə: Növrəs İmanın həyat və yaradıcılığı. Bakı, 2013.

Bu dünyada əqdəm olan,
Təkdi bir Allah əzəl.
Öz nurundan xəlq eyləyib,
Ol Rəsulullah əzəl.
Şiri-davər ismi oldu
Bir vəliyullah əzəl.
Ərşə, kürşə bais oldu,
Onların nuru, qələm.
Əşədənnə la ilahə,
Yazdı, illəllah əzəl.

Adəm getdi, Şeys gəldi,
Nuh gəldi dünyaya həm;
Cəfa çəkdi haqq yolunda,
O çalışdı müstəkəm;
Gah yalvardı, gah nəsihət
Söyləyirdi dəmadəm.
Haqqı dandı, yolu azdı,
Millət üz döndərdi cəm;
Qopdu tufan, etdi nida
Ol Nəbiyullah əzəl.

Musa düşdü dəryalara,
Fironu qərq eylədi;
İsa gəlib çıxdı dardan,
Xalqa dəlil söylədi.
Xəlilullah haqq evini
Yapmağa bir boyladı;
Nəmrud atdı od içinə,
Qeyzinən alovladı;
Eşitdi bərdən salamı,
Söndü narullah əzəl.

Bu dünyanın yox vəfası,
Qalmayıb Süleymana;
Xeyli müddət ömür sürdü,
Hökm qıldı hər yana;
O da getdi, necə oldu,
Döndü çarxı-zamana.
Daşdan gəldi Zülfüqarnan
Düldül Şahi-Mərdana;
Əntər kimi pəhləvanı
Böldü seyfullah əzəl.

Xətmi-mürsəl əşrəf oldu
Külli-aləm bildi düz,
Dinimizə rəvnəq verən
Doğru kalamdı hənuz.
Qafil olma, bu fənada
Nə gəlsə cəfaya döz.
Novrəs İman, qəm eyləmə,
Etiqadın qıl təmiz;
Qorxma o gündən hərarətin
Verər şəmsullah əzəl.