Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar
Müəllif: Məhəmməd Füzuli


Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,
Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.

Xəvasi-xaki-payın şərhini təhqiq edib mərdüm,
Qübarilə bəyazi-dideyi-xünbarə yazmışlar.

Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül,
Xəti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar.

İki sətr eyləyib ol iki meygun ləllər vəsfin,
Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar.

Girib bütxanəyə qılsan təkəllüm, can bulur şəksiz,
Müsəvvirlər nə surət kim, dərü divarə yazmışlar.

Mühərrirlər yazanda hər kəsə aləmdə bir ruzi,
Mənə hər gün dili-sədparədən bir parə yazmışlar.

Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd,
Füzuli adını, gördüm, səri-tumarə yazmışlar.