Əzəldən
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Laləli, nərgizli Tərsə yaylağı,
Tərlanların yaylağıdır əzəldən.
At oynadan, qılınc çalan, qaçağan,
İgidlərin oylağıdır əzəldən.

Yay ayları elat çıxar, yurd salar,
Dərələr al-yaşıl yüz rəngə çalar.
İstəyənə şöhrət olar, ad olar,
Yadlara da göz dağıdı əzəldən.

Görəndə atlanır şairin könlü,
Ana diyarını şadyana, güllü.
Gözəl gəlinlərnən, qızlarnan ünlü,
Neçə kəndlər qonağıdı əzəldən.