Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!

Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
Müəllif: Məhəmməd Füzuli


Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!

Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!


Şükr ola Allahə kim sayə salıbdır başimə,

Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!


Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,

Hikmətin kani olan hər bir kəlamın, ya Əli!


Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,

Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!


Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar,

Hər yerin kim orda olmuşdur məqamın, ya Əli!


Hər kəs istərsə, cahanda çərxidən alsın murad,

Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli!


Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır,

Bu Füzuli vird edər həmdi-salamın, ya Əli!