Əzizim (Şair Əbülfət)

Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əzizim (Şair Əbülfət)
Müəllif: Şair Əbülfət
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Bir ali məclisdə əyləşən zaman,
Sərraflar yerbəyer baxar, əzizim.
Alimi-dilavər tapar qüsurun,
Şəltəni boynuna taxar, əzizim.

Bihudə-bihudə canı bəsləmə,
Özünü ər bilib, yadı pisləmə,
Sərrafa mis verib, qızıl istəmə,
Paxırın üzünə çıxar, əzizim.

Alçaqlar ucalar, ucalar enməz,
Dünyalar yığılsa, vaxt geri dönməz.
Tale nəzər qılsa, çırağın sönməz,
Piltənə yağ gələr, yaxar, əzizim.

Sərçələr irilməz yüz bahar olsa,
Xainlər aynımaz, külli-var olsa,
Analıq nə qədər can-ciyər olsa,
Su yenə səmtinə axar, əzizim.

Kişisiz obada şiri-nər olma,
Bədəsil yoldaşla həmsəfər olma,
Dilbilməz yanında dərdəcər olma,
Nadanlar başına qaxar, əzizim.

Nəcabət əhlinə halaldır halal
O uca mərtəbə, o cahi-cəlal!
Görməmiş bir adam tapanda var-hal,
Gözü kəlləsinə çıxar, əzizim.

Adım Əbülfətdir, atam-İsmayıl,
Dünyanın sirrinə olmuşam mayıl.
Öz halal malına qayıl ol, qayıl,
Haram mal çox evlər yıxar, əzizim.