Əzrayılın kələyi
Rəvayətlər. Əzrayılın kələyi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir gün bir kişi çörək yeyirmiş. Pişiyi evdəymiş, iti eşikdə. Qapı
da açıq imiş. Kişi eşidir ki, it pişiyə deyir:
– Sən orda yeyirsən, mən burda acam.
Pişik deyir:
– Mənim yediyim xırdaca bir tikədi. Onu sənə versəm, özüm ac qalaram. Sabah ağamın nəri öləcək. Onda doyunca yeyərsən.
Kişi tez aparıb nəri satır. Axşamı it yenə pişiyə deyir:
– Bə məni niyə aldatdın?
Pişik deyir:
– Onda, sabah ağamın kəhər atı öləcək, ondan yeyərsən.
Kişi aparıb atı da satır. Axşam it pişiyə deyir:
– Məni yenə aldatdın. Axı neçə gündü acam, nə yeyim bəs?
Pişik deyir:
– Onda sabah ağamızın özü öləcək, ehsan verəcəklər, doyunca yeyərsən.
Kişi qorxuya düşür, amma əli hara yetəcək. Səhərisi gün Əzrayıl gəlib onun canını alır.