Açın üzləri
Açın üzləri Müəllif: Mirzə Əli Möcüz |
Niqabi eylədi icad bir şahin hərəmi
Ki, misli-paşinə səng arizi-müxəddər idi.
Cəmali-ənvərinə salmadı niqab hərgiz
Cənabi Fatimə ki, doxtəri-peyəmbər idi.
Kəmalin əmrini şövq ilə etdi istiqbal
Olar ki, ruxi-vəcahətdə mahi-ənvər idi.
Və lakin eylədi lənət çinanki biz Şimrə
O bacılar ki, misali-Nəkir-Münkər idi.
O hökm eylədi dilşad əhli-namusi,
Günahkar xanımlar niyə mükəddər idi?
Biduni xofu tərəddüd niqabisiz məşuq
Gedərdi aşiqi-zarin ziyarət eylər idi.
Niqabi açsa xanım sahibindən eylə həras,
Niqabü çadirə səttari-çeşmi-şöhər idi.
Bəsa olub ki, dadaş bacini edib təqib
Bəqəsdi-eşqü həvəs, bilməyib ki, xahər idi.
Xoşa o günlərə ki, tacirin, bəyin, xanın,
Qızının adı Şərəf, oğlununki Əskər idi.
Qoya bilərdi məgər adın oğlunun Pərviz,
O günləri ki, axundlar "əmiri-ləşkər" idi?
Darardı saqqalın on beş yaşındakı oğlan,
Müti mərdi-dəyanət o gün ki, bərbər idi,
Əgər o devrüdə kəşfi-hicabi nisvandan
Edəydi bəhs müdiri "Sitarə" kafər idi,
Kəmançəvü dəfü tari şikəst edər günlər
Cəmaəti-tələbə Rüstəmi-Şəbüstər idi.
Nə çəkməsi, nə corabi olardı sərbazın,
Xoşa o günlərə ki, canişin Müzəffər idi.
Nə şahdən, nə vəliəhdidən edərdi həras
O həllac oğlu[1] ki, min atlıya bərabər idi.
Alardı bacü xərac əhli-şəhrdən hər gün
Şərarət əhlinə çün Seyyid-həmzə[2] səngər idi.
Girərdi bəstə adam öldürən zaman qatil,
Ona himayət edən şəxs əhli-mənbər idi.
Rəvayət eyliri ravi ki, səhni-topxanə
Qəzayi-hacət üçün məbrəzi-müqərrər idi.
Bina bəqovli-cənabi-şəhiri Qaani[3]
Nikola, Nasirəddinə qulami-kəmtər idi.
Onun rikabin öpərmiş təmam dövlətlər,
Əmir ona qapıçı, qeysər isə mehtər idi.
Əgər baxaydı məhəbbətlə səmti əflakə,
Düşərdi qorxuya sükkani-ərş, titrər idi.
Ətabək[4] açmış idi karxaneyi-füqəra,
Səxadə hatəm ona bir kəminə növkər idi.
Duayi-müftəxoran hifz edərdi sərhəddi,
Dilavərani-vətən seyyidü qələndər idi.
Nə daxil ilə vardı işi, nə xaric ilə;
Təmam səyi, təmənnası vəsli-dilbər idi.
Gecə sabaha kimi cəng edərdi mərdanə,
Sərayi mərkəzi-nisvani-mahmənzər idi.
Cəmalin açsa xanım qorxar əqrəbasindən
Onu dilavər edən ruybəndü çadər idi.
Bəcayi inki deyə xəlq ona səhabi-bilad,
Deyərdi: Zilli-xuda! Xəlq itaət eylər idi.
Zəban dahanda müqəffəl, qələm qələmdanda,
O günkü gündə danışmaq məgər müyəssər idi?
İstinadlar
redaktə- ↑ XIX əsrin axırlarında Həllac oğlanları adı ilə Təbrizdə məşhur olan qardaşlara işarədir. Varlılardan zorla pul alıb yoxsul ailələrə verirdilər. Dövlət tərəfindən qətl edilmişdir.
- ↑ Təbrizdə məşhur məsciddir
- ↑ Nəsrəddin şahın saray şairi olub həddən artıq şit hədiyyələr yazmaqla məşhurdur.
- ↑ Nəsrəddin şahın baş vəziri