Açan-solan çiçəklər

Açan-solan çiçəklər (1923)
Müəllif: Cəfər Cabbarlı
Cəfər Cabbarlının cinayət işində tapılan naməlum şeiri – İLK DƏFƏ


Bən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər,
İştə budur təbiətin sarsılmıyan dövranı...

Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım,
Çox çalışdım, istəgimlə gülər həyat sürmədim,
Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim,
İştə, varlıq Tanrısının ədalətsiz divanı...

İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum,
Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum,
Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!
Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı...

Bən istərdim bülbül kimi dolaşaydım çəməndə,
Bir gül kimi şənlənəydim səbah yeli əsəndə,
Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə,
Qara məhbəs oldu azad bir bülbülün məskanı...

Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür hər aşiqin olur beş gün dövranı...

Bakı, F.K. 19. 17 iyul 1923