Açar deşiyi
Müəllif: Molla Nəsrəddin

Molla Nəsrəddin hələ mədrəsədə oxuduğu günlərin birində müəllim ondan soruşur:
– Dərsini bilirsənmi?
– Bəli, bilirəm.
– De görüm, cisim nədir?
– Dünyada olan bütün cisimlərə cisim deyərlər.
Müəllim görür ki, Molla Nəsrəddin dərsi bilmir. Ancaq müəllim ona yaxşıca bələd imiş, bilirmiş ki, bilmədiyini onun boynuna qoymaq çətin işdi. Odur ki, qəsdən soruşur:
– Yaxşı, cismin xasiyyəti necə olur?
Nəsrəddin deyir:
– Dünyada olan bütün cisimlər cisim xasiyyətində olur.
Müəllim soruşur:
– Yaxşı... Bəs rəngi necə olur?
Nəsrəddin cavab verir:
– Elə hamısı bir rəngdə olur.
Müəllim:
– Yəni?
Nəsrəddin:
– Yəni cisim rəngində.
Müəllim baxır ki, onu belə tutmaq olmayacaq. Bir sual da verir:
– Yaxşı, bəs şəffaf cisim necə olur?
– Şəffaf olur.
Müəllim dərsi bilmədiyini onun boynuna qoymaq üçün qəsdən kömək edərək deyir:
– Yəni bu tərəfindən baxanda o tərəfindən işıq görünür, eləmi?
Nəsrəddin tez deyir:
– Bəli... Lap düz deyirsiniz. Bu tərəfindən baxanda o tərəfindən işıq görünür, özü də lap aydın.
– Yaxşı, bir misal de görüm!
Nəsrəddin deyir:
– Açar deşiyi.