Ağıllı qız
Müəllif: Şifahi xalq ədəbiyyatı


Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik eylər, köhnə hamam içində.

Biri varıydı, biri yoxuydu, bir padşahnan vəzir varıydı. Padşah yaman darhövsələydi, amma vəzir ağıllı, səbirli, dünyagörmüş bir qocaydı. Bir gün padşah ovdan qayıdanda yolda bir qılçası axsaq, bir gözü kor qarıya rast gəldi. Qarıya yazığı gəldi, çağırıb ona pul vermək istədi.

Dedi:

– Ay qarı, buralarda nə gəzirsən, işin-peşən nədi?

Qarı dedi:

– Mənim peşəm ev tikmək, ev yıxmaqdı.

Padşah dedi:

– Sən nəsən ki, ev tikib, ev yıxasan.

Qarı dedi:

– Bala, sən hələ bilmirsən ki, arvad yıxmayan ev min il tikili qalar?

Padşahın bu sözdən xoşu gəlmədi.

Vəzir dedi:

– Qibleyi-aləm, arvad düz deyir.

Padşah dedi:

– Yox, yalan deyir.

Padşahın üç qızı varıydı. Qızlarını başına yığdı, böyük qızına dedi:

– Bala, de görüm evi arvad tikər, ya kişi?

Böyük qız dedi:

– Əlbəttə, kişi.

Sonra padşah ortancıl qızına üzünü tutub dedi:

– Qızım, sən nə deyirsən?

Ortancıl qız dedi:

– Ata, arvad nədi ki, onun tikdiyi ev də nə ola? Həlbəttə, evi kişi tikər.

Padşah bu dəfə də üzünü kiçik qızına tutub dedi:

– Qızım, bəs sən nə deyirsən?

Kiçik qız dedi:

– Ata, evi arvad tikər.

Bu söz padşaha yaman toxundu. Odur ki, dedi:

– İndi ki, belə oldu, səni evsiz-eşiksiz lütün birinə verəcəm. Ondan sonra baxarıq sən neçə ev tikəcəksən.

Şəhərin lap kənarında qoca bir qarının topal oğlu varıydı. Adına da topal Əhməd deyərdilər. Əhməd o qədər acizdi ki, heç yerindən tərpənmək istəmirdi. Padşah qoca qarını yanına çağırtdırıb dedi:

– Qarı, mən kiçik qızımı sənin oğluna verirəm, apar onu da, get.

Qarı dedi:

– Ay padşah, tasaddığın olum, sənin qızın hara, mənim oğlum hara? Oğlumun əynində bir paltarı var, cırığınnan cin çıxır. Yeməyə bir tikə çörəyi yoxdu. Oğlum o qızı necə saxlayacax?

Padşah dedi:

– Qarı, sənin işin yoxdu. Apar, qızı verdim sənin oğluna.

Qarı kor-peşman qızı yanına salıb gətirdi evlərinə. Əhvalatı oğluna danışdı. Əhməd bu işə lap məəttəl qaldı. Qız evə gələndən sonra baxıb gördü ki, Əhməd o qədər ərincəkdi ki, heç yerinnən tərpənmək istəmir, çörəyini də elə yatdığı yerdə yeyir. Odu ki, padşah qızı birinci gün süfrəni evin lap yuxarı başında saldı. Əhmədi çağırdı ki, durub gəlsin çörək yeməyə. Əhməd nə qədər yalvardı ki, mənim payımı gətirin yerimdə yeyim. Qız razı olmadı. Əhməd gördü yox, acınnan öləcək, əlacı kəsilib sürünə-sürünə süfrənin qırağına gəldi. Çörək yeyib qurtaran kimi yenə gedib girdi yerinə. Qız hər gün süfrəni evin yuxarı başında salıb Əhmədi ora çağırardı. Bir neçə günnən sonra Əhməd daha özü durub gedirdi süfrənin başına. Qız gördü Əhməd bir az qoçaxlaşıb. Bu dəfə süfrəni baxçada, göy otun üstündə saldı. Əhmədi çağırdı. Əhməd yenə getmək istəmədi. Qız gedib onu itələyə-itələyə bir təhər evdən çıxartdı. Əhməd çörəyini yeyib yenə getdi evə. Belə-belə qız hər gün süfrəni həyətdə salıb Əhmədi ora aparırdı. Aradan bir neçə gün keçəndən sonra padşah qızı Əhmədi küçəyə çıxartmaq istədi. Əhməd fındığı, qozu yaman xoşlayırdı. Qız evdən küçə qapısına qədər qoz, fındıx töküb Əhmədə dedi:

– Ay mitilin biri, evdə oturub neyləyirsən? Durub bu fındığı, qozu niyə yığmırsan?

Əhməd durub bir təhər fındığı, qozu yığışdıra-yığışdıra düz küçə qapısından çıxdı. Elə bu vaxt küçədə qodu-qodu1 oynayırdılar. Əhmədin xoşu gəldi, bir az da irəli gedib qodu-qoduya baxdı. Sonra qayıdıb evə gəldi. Padşahın qızı elə ki, gördü Əhməd küçəyə çıxmağı örgəndi, başladı:

– Gərək gedib işləyəsən.

Əhməd dedi:

– Axı mən nə iş görə bilərəm?

Qız dedi:

– Sən çıx küçəyə, denən ki, ay iş gördürən, ay iş gördürən. Kim sənə yaxınlaşıb bir söz desə get, o sənə iş gördürəcək.

Əhmədi bir təhər küçəyə çıxartdı. Əhməd yolun ortasında durub hərdən bir: “Ay iş gördürən” deyirdi. Birdən bir kişi gəlib Əhmədə dedi:

– Oğul, mənim bir bağım var, gəl onu bellə, hər gün sənə bir şahı pul verərəm.

Əhməd kişinin yanına düşüb getdi. Axşama kimi onun bağında yer bellədi, bir şahısını alıb gəldi. Yolda gördü ki, pişik satırlar. Bir şahını verib pişiyi aldı. Əhməd evə gələndə padşah qızı dedi:

– Əhməd, nə qazandın?

Əhməd dedi:

– Bir şahı qazanmışdım, onu da verib bu pişiyi aldım.

Qız dedi:

– Əhməd sabahdan gərək sən səfərə çıxasan, gedib hər yeri görəsən.

Əhməd dedi:

– Mən səfərə nə cürə gedə bilərəm?

Qız dedi:

– Sabah gedərsən bazara, yolun qırağında dayanıb gözləyərsən. Görəcəksən ki, dəvə karvanları gedir. Gedib karvanbaşıya deyərsən ki, məni də özünnən apararsanmı, sizə köməyim dəyər. Onda onlar razı olsa, qoşulub gedərsən.

Səhər açıldı. Əhməd qız deyən kimi elədi. Gedib yolun kənarında gözlədi. Gördü ki, dəvə karvanları gəlir, gedib karvanbaşıya dedi:

– Məni də özünnən apararsanmı?

Karvanbaşı dedi:

– Elə apararam, elə bir adam göydə axtarırdım, yerdə əlimə düşdü.

Demə, karvanbaşı karvanın qabağında belə bir adam apararmış. Yolda bir səhralıq varıymış, ordan keçəndə karvanın suyu tamam qurtararmış. Həmin səhrada bir quyu varıymış. Karvanbaşı özüynən götürdüyü adamı həmən quyuya sallayıb ordan su çıxardarmış. Sonra quyudakı adam geri qayıtmazmış.

Karvanbaşı Əhmədi özüynən götürüb yola düşdülər. Az getdilər, çox dayandılar, çox getdilər, az dayandılar, dağlar aşdılar, sular keçdilər, gəlib həmən səhraya çatdılar. Suları tamam qurtarmışdı. Adamlar, dəvələr susuzdan yanırdılar. Karvanbaşı Əhmədə dedi:

– Bala, gəl səni sallayax quyuya bir az su çıxart.

Əhmədin heç nədən xəbəri yoxuydu deyin razı oldu. Belinə ip bağlayıb salladılar quyuya. Əhməd quyunun dibinə düşüb belindən kəndiri açdı. Bir xeyli gedib axan bir çaya rast gəldi, tuluxları doldurub hayladı ki, çəksinlər. Elə tuluxları yenicə çəkmişdilər ki, birdən nərilti qopdu, Əhmədi bir isti vurdu ki, az qaldı bağrı çatlasın. Bir də gördü bədheybət bir div başının üstünü kəsib durub. Div nə div, boyu minarə, qolları çinar ağacı, buynuzları nizə kimi yeddi başlı, hər qolunda yeddi dəyirman daşı, alt dodağı yer süpürür, üst dodağı göy süpürür, ağzı dəyirman körüyü. Əhməd istədi qaça, gördü yox, olası iş deyil. Qaçmağa yer yoxdu.

Div dedi:

– Ey bəni-insan, bura quş gəlsə qanad salar, mən indi sənin ətini aşığacan, qanını qaşığacan eləyəcəm. Hara qaçmaq istəyirsən? Gəl dalımcan. Səndən bir söz soruşacam. Əgər cavab verə bildin sənnən işim yoxdu. Cavab verə bilməsən, onda öldürəcəm.

Bəli, Əhməd qorxusundan tut yarpağı kimi əsə-əsə divin dalınca gedib bir qəsrə çatdı. Qəsr nə qəsr. Hər yer zər-ziba, otaqlar qaşdaşla, ləl-cavahiratnan dolu. Bir cah-cəlal var ki, adamın ağzı açıx qalır. Div otaxdan-otağa keçib otuz doqquz qapı açdı, qırxıncıda dayandı. İçəridə bir qızıl məcməyidəki yaşıl qurbağaya baxıb dedi:

– Ey bəni-insan, de görüm dünyada ən gözəl nədi?

Əhməd dedi:

– Ən gözəl könül sevəndi.

Bu söz divin çox xoşuma gəldi, çünki özü həmən qurbağanı sevirdi. Div Əhmədi öldürməyib buraxdı, özünə də bir narla, bir qoz bağışladı. Əhməd divdən ayrılıb düz gəldi quyunun dibinə, nə qədər səslədi, harayına çatan olmadı. Çünki karvan çoxdan getmişdi. Sənə kimnən deyim, pişikdən. Əhməd karvanbaşıynan yola çıxanda pişiyini də özüynən gətirmişdi. Elə ki, Əhməd quyuda qaldı, karvan yola düşdü, pişik quyunun başından əl çəkmədi, quyunun qırağında o yana, bu yana gedib miyoldayırdı. Bir gün, bir gecə pişik quyunun başında miyoldaya-miyoldaya qaldı. Səhər tezdən uzaxdan bir karvan gəldi. Karvan gəlib quyunun yanından keçəndə karvanbaşı gördü ki, bir pişik quyunun başında özünü hələk-fələk eləyir. Karvanbaşı quyuya yaxınlaşıb gördü səs gəlir ki:

– Ay yolnan keçən, məni quyudan çıxardın!

Karvanbaşı yoldaşlarını da çağırıb, kəndir sallayıb Əhmədi quyudan çıxartdı. Əhməd başına gələn qəzavü-qədəri söyləyib bunlarnan yola düşdü. O qədər yol getdilər ki, gəlib qayışbaldırların torpağına çatdılar. Karvanlarını rahatlayıb bir evdə qonaq qaldılar. Axşam oldu, süfrə salındı, ortalığa yemək gətiriləndə, ev sahibləri arvadlı-uşağlı, hərəsi əlinə bir toxmax alıb qonaqların başının üstündə dayandılar. Qonaqlar bu işə lap məəttəl qaldılar. Elə bildilər ki, bunları öldürmək istəyirlər. Odu ki, karvanbaşı dedi:

– Ay qardaşlar, əgər bizi öldürəcəksinizsə, elə çörək yeməmişdən öldürün, canımız qurtarsın. Daha bu nə adət di ki, əvvəlcə çörək verib sonra öldürürsünüz?

Ev sahibi dedi:

– Biz sizi öldürmək fikrində deyilik. Qoyun ortalığa çörək gəlsin, onda görərsiniz ki, biz nəyi gözləyirik.

Ortalığa çörək gəldi. O saat hər tərəfdən o qədər siçan, siçovul töküldü ki, qablarda dişə çəkməyə bir sümük də qalmadı. Əli toxmaxlılar demə bu siçanları gözləyirmişlər. Toxmaxnan siçanları vurmağa başladılar, cəmisi beş-on siçan öldürə bildilər. Qalan siçanlar tamam çörəkləri yeyib, qaçıb doldular yuvalarına. Qonaqlar bu əhvalatı görüb tamam özlərini itirmişdilər. Əhməd ev sahibinə dedi:

– Qardaş, məgər sizdə bir-iki pişik olmaz ki, gətirib evə buraxasınız?

Ev sahibi dedi:

– Qardaş, pişik nə olan şeydi? Bizim yerlərdə elə şey yoxdu.

Əhməd gördü buralarda pişik olmur. Odu ki, gedib öz pişiyini gətirdi.

Təzədən yemək gətirildi. Əhməd pişiyi evə buraxdı. Siçanlar çıxan kimi pişik bunu burda, onu orda basmarlayıb, hamısını boğub öldürdü. Ev sahibi bu işə lap heyran qalmışdı. Odu ki, Əhmədnən danışıb pişiyi yeddi dəvə yükü qızılla dəyişdirdi. Əhməd qızılları, div bağışladığı narı, bir də qozu bir adama verib evlərinə yolladı. Özü karvanbaşıynan şəhərbəşəhər, kəndbəkənd gəzib alver elədi.

Bunları burda qoyaq, sizə kimnən xəbər verək, padşahın kiçik qızından. Qız Əhmədin göndərdiyi qızılları alan kimi bazardan bənna fəhlə çağırıb yeddi mərtəbəli bir imarət tikdirdi. Bu elə bir imarət oldu ki, padşahın imarəti bunun yanında daxmaya oxşayırdı. Qız Əhmədin göndərdiyi narı kəsib yemək istəyəndə gördü ki, narın içi tamam ləl-cavahiratdı, onları xırdalayıb, evin içini tamam zər-zibaya döndərdi.

Aradan bir xeyli keçdi. Əhməd səfərdən qayıdıb gəldi. Öz evlərinin yerində yeddi mərtəbəli bir imarət gördü. Qapıdakı nökərlərdən öz evlərinin yerini xəbər aldı. Dedilər ki, sən dediyin ev elə bu imarətdi.

Əhməd elə bildi onu ələ salırlar. Bir də xəbər aldı:

– Ay qardaş, məni ələ salma, düzünü de, görüm bura kimin evidi?

Bu vaxt səs-küyə Əhmədin anası qapıya çıxdı, oğlunu qucaxlayıb dedi:

– Ay oğul, yoxsa evimizi tanımırsan. Sən gedəndən sonra arvadın tikdirib.

Bəli, Əhməd evə girib cah-cəlalı gördü, heyran qaldı. Padşah qızı onu görüb qabağına çıxdı. Evi necə tikdirdiyini ona söylədi. Sonra Əhmədin göndərdiyi qozu qırıb içindən bir dəst ipəkdən padşah paltarı çıxardı. Paltarı Əhmədə geyindirib dedi:

– Əhməd, indi hazırlıq görüb atamı qonaq çağıracam. O səndən nə soruşsa, düzünü deyərsən.

Səhər oldu, qız atasını bütün başının adamlarıynan qonaq çağırdı. Padşah içəri girib gözlərinə inanmadı. Öz sarayı bunun yanında tövlə hesabındaydı. Yeyib-içəndən sonra padşah Əhməddən soruşdu:

– Deyin görüm bu cəlalı kim düzəldib, bu evi kim tikib?

Əhməd bütün əhvalatı başdan-ayağa kimi padşaha söyləyib dedi:

– Padşah sağ olsun, bu evi sənin qızın tikib.

Qız bu sözü eşidən kimi üzünü atasına tutub dedi:

– Ata, indi gördün ki, evi arvad tikər.

Padşah qızının doğru dediyini görüb başını aşağı saldı. Təzədən yeddi gün, yeddi gecə toy eləyib qızını Əhmədə verdi. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl söyləyənin, mən sağ, siz salamat, mən yüz yaşayım, siz iki əlli, hansı çoxdu siz götürün, qalanını mənə verin.