Dal-dala (Ağ Aşıq-Aşıq Alı)

(Ağ Aşığın Aşıq Alıyla deyişməsi səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dal-dala
Müəllif: Ağ Aşıq-Aşıq Alı
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Ağ Aşıq
Bahar olcaq çıxar çəmən seyrinə
Bülbül tək çək çiçək qəhrin dal-dala.
Məcnun olub qatlaş yarın qəhrinə,
Leyli tək sən də çək qəhrin dal-dala.

Aşıq Alı
İsmin iiç həriflə eylərəm bəyan,
Mimdi, çimdi, nun yazılıb dal-dala.
Seyraqubla, müxənnətlə işim yox,
Əlif qəddin bəd yazılıb dal-dala.

Ağ Aşıq
Təşnə ciyər, yar əlindən yaralı,
Haqqı çağır, yara yetsin yar əli.
Siyah telə şana çəksin yar əli,
Çin-çin etsin o, əsmərin dal-dala.

Aşıq Alı
Səyyadısan, dağlar sənin, gəz dolan,
Alışıban yar oduna, az qalan,
Ovun gəlir, keç bərəndə daldalan,
Neştər xədənginə düzüb dal-dala.

Ağ Aşıq
Keçən keçdi, daş atınca yara sən,
Qəza gəldi, həsrət qaldın yara sən.
Ya rəbb, eylə məlhəm ona, çara sən,
Allah, Alımın da qəhrin dal-dala.

Aşıq All
Fərzənd olub, gecə-gündüz dərs aldım,
Zəhmət çəkib, dərgahında tər saldım,
Dosta həlim, müxənnətə tərs oldum.
Ol səbəbdən qeyrət düzüb dal-dala.

Ağ Aşıq
Ağ Aşıq, hər kəlamın bir həyatdı,
Şəyirdlərin nur çeşmi bir həyatdı,
“Divani”, “Duvaqqapma”m bir həyatdı,
Şükür haqqa, verdi bəhrin dal-dala.

Aşıq Alı
Aşıq Alı, mərddi meydan içində,
Saz sinədə sərtdi meydan içində,
Ustadım Ağ Aşıq meydan içində,
Odur, ayəsi süzülüb dal-dala.