Ağ gül, qırmızı gül, hələ sarı gül
Ağ gül, qırmızı gül, hələ sarı gül Müəllif: Məsləki |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Könül yaylasında üç gül açılmış
Ağ gül, qırmızı gül, hələ sarı gül -
Bir-birindən gözəl, doğmuş, ayrılmış
Ağ gül, qırmızı gül, hələ sarı gül.
Birisi olmuşdur başlar bəlası,
Biri domurlanmış atəş parası,
Birisi də cənnət bağı, laləsi
Ağ gül, qırmızı gül, hələ sarı gül.
İlk bahardır, yaylalara köçülmüş,
Yar əlindən dolu badə içilmiş,
Əlvan-əlvan olmuş, tazə açılmış,
Ağ gül, qırmızı gül, hələ sarı gül.
Aşıq isən tərkeyləmə hümməti,
Ustamdan qeyriyə etməm minnəti,
Birin Məsləkiyə verdi Ruhsəti:
Ağ gül, qırmızı gül, hələ sarı gül.