Ağa (Növrəs İman)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağa
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 19

Qaldım bu qürbətdə, zindana düşdüm,
Qəbul eylə, bircə əzrim var, ağa!
Bu fani dünyada tufana düşdüm,
Məxluqa gen düyna, mana - dar, ağa!

Mən ha səni çox səslərəm dilinən,
Vəsfini oxuram aynan, ilinən,
İnsafdımı, gəzəm bu müşgülünən,
Çəkir məlul könlüm ahü zar, ağa!

Ağada mərhəmət, qulda xata var,
İş tənəzzül, gedib əldən ixtiyar,
Səndən qeyri kimsəm yoxdu, aşikar,
Qoyma qalam belə intizar, ağa!

Mənim səbrim yoxdu, huş gedib sərdən,
Sənin rəhmin çoxdu cəm bəhrü bərdən.
Qorxuram üqbada nari-səqərdən,
Qəhr edə o gündə kirdigar, ağa!

Kimi istər, ola dövlət-varınan,
Kimi doğru gəzər etibarınan.
Mənim bir əhdim var kirdigarınan,
Qılam ziyarətin aşikar, ağa!

Gözüm açdım, mən yetişdim bəlaya,
Aşiq oldum elmi-əmri-xudaya.
Novrəs İman üz tutanda üqbaya,
Şəfaətin üçün ümid var, ağa!