Ağa Məhəmməd şah Qacar (dram)/Birinci məclis

Ağa Məhəmməd şah Qacar. Birinci məclis
Müəllif: Əbdürrəhim bəy Haqverdiyev
İkinci məclis


Əhli-məclis

redaktə

A ğ a M ə h ə m m ə d x a n Q a c a r
C ə f ə r q u l u x a n, Ə l i q u l u x a n, M u s t a f a x a n, M ü r t ə z a q u l u x a n, R z a q u l u x a n — onun qardaşları
Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar

Əvvəlinci pərdə

redaktə
Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni. Altı nəfər şirazlı.

Ə v v ə l i n c i ş i r a z l ı. Xan, görəsən, nəyə məşğuldur? Həmişə bu vədə çıxıb sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar edərdi.

İ k i n c i ş i r a z l ı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin, yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki Kərim xanın söhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən Ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib ona gözəl tədbirlər tökürdü.

Ə v v ə l i n c i ş i r a z l ı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə yəqin etginən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə, millət və məmləkət mənfəətini mülahizə edib o tədbirləri tökürdü.

Ü ç ü n c ü ş i r a z l ı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rüculiyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Çün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətlərindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqllə də düşmənə tez qalib olmaq olar, nəinki bir yalnız qoşunla. Ədil şah mərhum olandan sonra Ağa Məhəmməd xanı azad etdilər. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman günündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmranı Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmmədhüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib kitablardan dərdinə dərman istəyirdi. O, böht dеyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazi-aləməcən onun adı tarixlərdə söylənsin.

Ə v v ə l i n c i ş i r a z l ı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz. Sali ki, nikust əz bəharəş peydəst (1). Kərim xanın vəfatından sonra ki, Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma indi gör burada nə cəlal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar.

Ü ç ü n c ü ş i r a z l ı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən?

Ə v v ə l i n c i ş i r a z l ı. Onu deyəndə nə olar? Bu saat İran parça-parça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxla əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmranların hamısı bir-birilə müddəidir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığa, yəqin bil ki, az müddətdə hamısına qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu günü-gündən ucalmaqdadır. Qoşunu gəldikcə və onun ağlı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?!

Ü ç ü n c ü ş i r a z l ı. Yəqin, elə bunu mülahizə edib Şirazdan Mazandarana gəlibsən?

Ə v v ə l i n c i ş i r a z l ı. "Gəlibsən" niyə deyirsən, "gəlmişik" de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdıra bilməz. Biz altımız da bir fikir edib buraya gəlmişik. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım, gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə.

Hamı gedirlər.

A ğ a M ə h ə m m ə d x a n (məbhut, pilləkəndən enib axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir, gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqallahdan qabaq yaranan lövh və qələmdir. Mən yəqin etmişəm, o lövhdə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırıb ona düşmən elədi. İstədilər, onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagəhan parlaq şöleyi-aləmsuztək Əfşar arasında asimana bülənd olub İranın üstündən adladı. Amma necə ki qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-biri ilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir Qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirri-Rəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə Xudavəndi-aləmdən istiğasə edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər Xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram.

C ə f ə r q u l u x a n (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən?

A ğ a M ə h ə m m ə d x a n. Cəfərqulu, sənsən? Yaxına gəl... Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz.

C ə f ə r q u l u x a n. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli-Qacar olsun. Amma...

A ğ a M ə h ə m m ə d x a n. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm, bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır.

C ə f ə r q u l u x a n. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib.

A ğ a M ə h ə m m ə d x a n. Nə xəbər?

C ə f ə r q u l u x a n. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq.

A ğ a M ə h ə m m ə d x a n. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get, Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) İşin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam, yenə ürəyim soyumaz.

Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr daxil olurlar.

Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər, mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsınız, açıq deyin, mən də öz təklifimi bilim.

C ə f ə r q u l u x a n (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü pəri qırılandan sonra bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm.

A ğ a M ə h ə m m ə d x a n. Mərhəba, qardaşım! Gəl, alnından öpüm. Allah səni məndən ayırmasın. (Cəfərqulu xanın alnından öpür.)

M u s t a f a x a n. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixlas göstərib. Bainhəmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar.

Ə l i q u l u x a n. Qardaş, məni Allah təqrir tərəfdən məhrum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən.

S ə r k ə r d ə l ə r d ə n b i r i (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq.

A ğ a M ə h ə m m ə d x a n. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-parça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi İrakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir, müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm.

S ə r k ə r d ə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər.

A ğ a M ə h ə m m ə d x a n. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun.

S ə r k ə r d ə l ə r. Buyurun, xan.

A ğ a M ə h ə m m ə d x a n. Budur, ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə indiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın.

S ə r k ə r d ə. Belə qəlbin sahibinin qabağında ölmək ləzzətdir.

C ə f ə r q u l u x a n. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək.

M u s t a f a x a n. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq.

A ğ a M ə h ə m m ə d x a n. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə.

PƏRDƏ

İzahlar

redaktə
  • Səhn — həyət;
  • Binagüzarlıq — tədbir, çıxış yolu, çarə;
  • Fariq (olmaq) — ayrılmaq;
  • Şuriş — qarışıqlıq, üsyan;
  • Qəvi — güclü, qüvvətli;
  • Qəmxar — qəm dağıdan, təsəlli verən;
  • Böht — heyrət, təəccüb, çaşqınlıq;
  • İnqiraz — məhv olma, sonu kəsilmə;
  • 1 — Yaxşı il baharından bəlli olar;
  • Rəşid — qorxmaz, igid;
  • Müddəi — rəqib;
  • Maxələqallah — Allahın yaratdığı hər şey;
  • Büxl — paxıllıq; xəsislik;
  • Nagəhan — qəflətən, birdən-birə;
  • Şöleyi-aləmsuz — aləmi yandıran şölə;
  • İstiğasə — yalvarış, aman istəmə;
  • Rugərdan — üz döndərən, üz çevirən;
  • Bal — qanad, qol;
  • Bainhəmə — bununla belə;
  • Təqrir — burada: demə, danışma, yan etmə;
  • İrsal-mərsul — məktublaşma;
  • Ədna — alçaq, rəzil

İkinci pərdə

redaktə
Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir.

M ü r t ə z a q u l u x a n (uca yerdən baxır). Afərin, Qacar igidləri! Hər biri bir şir-jiyantək dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir, bu insana oxşamayan xacə cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə Ağa Məhəmməd mənim müqabilində indiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın... Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnşallah, xeyirdir, inşallah, xeyirdir. (Enir aşağı.)

Q a s i d (daxil olur). Xan sağ olsun, müjdəmi ver!

M ü r t ə z a q u l u x a n. Tez ol, de görüm, nə xəbər gətiribsən?

Q a s i d. Xan, qurbanın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!..

M ü r t ə z a q u l u x a n. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər, nədir, de görüm?

Q a s i d. Yox... Öldürməyiblər...

M ü r t ə z a q u l u x a n. İlahi, mərhəmətinə gündə min şükür! (Qasidə) Tut, bu sənin müjdən. (Bir kisə pul verir.) Buradan get fərraşbaşının yanına. Deginən, sənin adını fərraşlar cümləsində yazsın.

Q a s i d. Allah xanın iltifatını artıq eləsin. (İstəyir getsin.)

M ü r t ə z a q u l u x a n. Dayan bir az, getmə. De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb?

Q a s i d. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə, Cəfərqulu xan deyir, əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm.

M ü r t ə z a q u l u x a n. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan haləti-nəzdədir. İnşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində tədbir olunar... Sən get. (Qasid baş əyib gedir.) Nə gözəl oldu! İnşallah, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.) Qardaş! Xoş gördük. Eşidibsən:

Hər on köhtər ki, ba mehtər sitizəd
Çinan üftəd ki, hərgiz bər nəxizəd. (1)

Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüşdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahifilərz deyirlər? Məgər Allah kölgəsi sənintək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma indi öz halətinə bax. Qızmış şirtək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir.

A ğ a M ə h ə m m ə d x a n. Qardaş, mən nə qədər səninlə dava elərdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoyma olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yadından çıxart.

M u s t a f a x a n (irəliyə yeriyir). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulutək qardaşın varsa, Mürtəzaqulu xanın da mənimtək və Rzaqulu xantək qardaşları var. Ölüncə vuruşmağa hazırıq. Necə ki səni vəhşi heuvantək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən.

A ğ a M ə h ə m m ə d x a n. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər.

M ü r t ə z a q u l u x a n. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edirəm. İstəyirsən gözlərini çıxart, istətirsən başını kəsdir.

M u s t a f a x a n. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm.

A ğ a M ə h ə m m ə d x a n. Hər nə edəcəksən et, yazılan yazılıb.

M ü r t ə z a q u l u x a n. Səni bu halətdə görəndə mən yazılanı oxudum.

M u s t a f a x a n. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın.

Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə.

Q a s i d (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə.

M ü r t ə z a q u l u x a n. Oğlan, nə danlşırsan?! Deginən, bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.)

M u s t a f a x a n. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə! (Tez çıxır.)

A ğ a M ə h ə m m ə d x a n. Pərvərdigara, Səni Öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir.

Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar.

C ə f ə r q u l u x a n (sərkərdələrlə daxil olur). Pərvərdigara, Sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun Xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adamtək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam.

A ğ a M ə h ə m m ə d x a n (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin!

C ə f ə r q u l u x a n. Rzaqulu xanı buraya gətirin.

Rzaqulu xanı gətirirlər.

A ğ a M ə h ə m m ə d x a n. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın!

Rzaqulu xanı alarırlar.

C ə f ə r q u l u x a n. Qardaş, buyur, bu təllin üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir.

A ğ a M ə h ə m m ə d x a n. Əlbəttə, lazımdır. Gəl, qardaş, dalımca.

İkisi də çıxırlar təllin üstünə.

C ə f ə r q u l u x a n. Camaat! Budur sizin sərkərdəniz, Xudavəndi-aləmin köməyi ilə sağ və salamat gözünüzün qabağında. (Ağa Məhəmməd xana.) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında indiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan hrç vədə sənə xəyanət olmayacaq.

A ğ a M ə h ə m m ə d x a n. Mərhəba, qardaş! Mərhəba!

Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir.

C ə f ə r q u l u x a n. Bunlar nə əsirdirlər?

S ə r k ə r d ə. Mürtəzaqulu xanın müqərrəb atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik.

C ə f ə r q u l u x a n (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm.

Ə s i r. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar.

A ğ a M ə h ə m m ə d x a n. Bəs mənim namərd qardaşım Mustafa xan?

Ə s i r. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununun məğlub olmağını eşidəntək atını minib o qaçandır, qaçır. Deyirmiş ki: "Rusiya torpağına qaçacağam".

A ğ a M ə h ə m m ə d x a n. Mən bu əsiri azad elədim, açən qolunu. (Cəfərqulu xana) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazım deyil. Gərək birləşmiş qoşununun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmdarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüurun biridir. Lazımdır, qoşuna bir neçə vaxt rahatlıq verib İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək.

C ə f ə r q u l u x a n. Çox gözəl fikirdir. (Gülür.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə.

A ğ a M ə h ə m m ə d x a n. Gözüm üstə... Qardaş necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə indiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl.

Çıxırlar təllin üstünə.

C ə f ə r q u l u x a n. Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir.

A ğ a M ə h ə m m ə d x a n. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, maliki-bil-istiqlali-külli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranını müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parça-parça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram.

C ə f ə r q u l u x a n (dizi üstə çökür). Qibleyi-aləm, əvvəl sənə beyət edən mən və məni istəyən qoşun!

Ə l i q u l u x a n. Qardaş, səltənətin mübarək olsun!

S ə r k ə r d ə l ə r (ucadan). Payəndə bad Ağa Məhəmməd şah Qacar!

Q o ş u n d a n s ə s g ə l i r. Payəndə bad Ağa Məhəmməd şah Qacar!

PƏRDƏ

İzahlar

redaktə
  • Jiyan — qızğın, coşmuş;
  • İstitaət — qüdət, bacarıq;
  • Əzon cümlə — o cümlədən;
  • 1 — Böyüklə dalaşan kiçik elə yıxılır ki, heç bir vaxt ayağa qalxa bilməz;
  • Züllüllahifilərz — Allahın yerdəki kölgəsi;
  • Rücu — müraciət;
  • Kündə — küçmişdə qaçmasın deyə dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan ağır şey;
  • Təll — təpə, təpəcik;
  • Amadə — hazır;
  • Beyət — itaət etmə, tabe olma;
  • Müqərrəb — yaxınlaşmış, yaxın;
  • Xamuş — sakit, dinməz;
  • Qəyur — qeyrət çəkən;
  • Müzəyyən — bəzəkli, bəzədilmiş;
  • Tövfiq — yardım, kömək;
  • Payəndə bad — var olsun.