Ağacların söhbəti
Ağacların söhbəti Müəllif: İvan Krılov Tərcümə edən: Abbas Səhhət |
Alma, palıd, şam ağacı hal ilə,
Eylədilər bəhs bu minval ilə:
Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin.
-Yetməz olur-söylədi-dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə.
Az qala başım yetişə köylərə,
Şax budağım kölgə salır hər yerə.
Əssə külək, qopsa da tufan yenə,
Əyməyə əsla gücü çatmaz mənə.
Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!
Alma ağacı ona verdi cavab:
— Eyləmə tərif özünü, ey cənab!
Zorbadır hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin!
Səndə bitir bir neçə vecsiz qoza,
Ancaq o da qismət olur donquza.
Məndə vəli, yaxşı, gözəl alma var,
Rəngini hər kim görə heyran qalar.
Dadlı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir…
Şam ağacı bildi bu keyfiyyəti,
Söyədi:-Bəsdir, buraxın söhbəti,
Boş danışıqdan nə çıxar, ay balam.
Qış günü siz çıplaq olursuz tamam,
Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi.
Lazımam ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara.
Qış sobada xalq məni yandirar,
Mənfəətim xalqa mənim çox dəyər…