Ağaməhəmməd şah Qacarın II İrakliyə məktubu
Ağaməhəmməd şah Qacarın II İrakliyə məktubu (1795) Müəllif: Ağaməhəmməd şah Qacar |
Mənbə: Ədalət Tahirzadə .Ağaməhəmməd şah Qacar. Bakı: "Kür", 2002, s.26-27. |
Bağışlayan, rəhm edən Tanrı adına. Allah hamıdan böyükdür, yüksəkdir, hər şeyi yaradandır.
Bu fərmanı gürcü çarı Əlahəzrətə elan edirik. Bizim mərhəmətimizi gözləyən hökmdarın məlumu olsun ki, yetmiş il bundan əvvəl gürcülərin Qəndəharda törətdikləri əməllər və İranı nüfuzdan salmaq cəhdləri indi artıq hamıya məlumdur. Zira Şah Sultanhüseyn də artıq sağ deyil, o dünyadadır. Yəqin əlahəzrət özü də yaxşı bilir ki, son yüz il ərzində siz İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, Siz ruslara yaxınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda ancaq alver etmək məqsədi ilə gəzib-dolaşırlar və elə bütün iş-peşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.
Sən yaşı doxsanı haqlamış adamsan, amma bağışlanmaz səhvlərə yol verirsən. Kafirləri torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri kimi davranmağa şərait yaradırsan.
Sizin və bizim dinlərimiz müxtəlif olsa da, ancaq Siz həmişə İranla yaxın və əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi, xeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır. Ona görə də Siz utanıb xəcalət çəkməlisiniz ki, bu cür işlərə və əməllərə yol verirsiniz. Bu əməllərdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin. Lakin biz öz təəbəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik.
İndi Allahın köməyi ilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən büsbütün əl çəkməlisiniz, ruslarla əlaqələrinizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda çox qısa bir müddətdə Gürcüstanın üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri qılıncdan keçirərək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq. Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyurduğumuzu qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən.