Ağlaşma
Ağlaşma Müəllif: Mirzə Ələkbər Sabir |
Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!
Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!
Çıxa canı ax qalanın gözünün babəklərindən,
Gedib işləsin, qazansın əlinin əməklərindən,
Nədir əğniyayə xeyri onların yeməklərindən?
Yeməyib acından ölsə, dəxi xoş bəhanə, ya rəb!
Mənə boylə-boylə işdə deməyin söz, ey cemaət!
Nəyimə gərək ki, yeksər qırılıb olur də millət?
Yaradan xudayi-raziq edəcək özü kəfalət,
Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!
Bu qəzetçilər deyilmi ki, salıb bizi bəlayə?
Elə bir iş olmamış hey verilir səda-sədayə -
Ki, gərək kömək olunsun füqərayi-binəvayə…
Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!
Sənə nə, evin yıxılsın, füqəra üçün yanırsan?
Atan oğlu qardaşındır, nə də hiç bir tanırsan?
Iki gözlərimdi pulum, kişi, bir məgər qanırsan?
Onu ərmək olmur axır hər ölən-qalanə, ya rəb!
Füqəralər əğniyanın tanısın neçin yaxasın?
Əgər açdı qarnı, satsın papagın, çulun-çuxasın;
Edər əğniya də başqa işə dair öz səxasın,
Məgər azdı bəzlü bəxşi filanə, filanə, ya rəb!
Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!
Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!
Pulunu fəqirə versin, bəs acından ölsün Anna?
O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb!?
Mənbə
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 57