Ağladım
Müəllif: Aşıq Bəsti
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Qara bağrım şan-şan olub,
Fərz elə ki, arı şanı.
Ağlamaqdan bu bəstinin
Qalmayıbdı yarı canı.

Ağlamaq da bir peşədi,
Bir gün deyil, həmişədi.
Çalçarpazdı, dördguşədi,
Sinəmdə dağları tanı.

Leysan kimi yaş tökərəm,
Könül sarayın sökərəm,
Canı-dildən ah çəkərəm,
Ağladaram, bu dünyanı.