Ağlama (Zodlu Abdulla)
Ağlama Müəllif: Zodlu Abdulla |
Mənbə: "Zodlu Abdulla (toplayıb tərtib edən: İbadulla Ağayev)" (az.). Bakı: Təbib. 2024. səh. 35. ISBN 978-9952-572-87. İstifadə tarixi: 2024-07-13. |
Nə sevda tapıbsan, divanə könlüm?
Əlbət gedənlərin gələr, ağlama.
Yaradan yar olar, bir nəzər salar
Nabələd yolları bular, ağlama.
Nə gəzə bilmirsən, dözə bilmirsən,
Oxuya bilmirsən, yaza bilmirsən.
Tutub səni qəhri-qəza bilmirsən,
Ağlayanlar bir gün gülər, ağlama.
Bu gen dünya Abdullaya dar olsa,
Zərrəcən nəzəri kirdigar olsa,
Eynin yaşı çeşmələrdən car olsa,
Bir gün göz yaşını silər, ağlama.