Ağlasın (Aşıq Nəcəf)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlasın (1919)
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Birinci variant

redaktə

Kəblə Rəhim, sən Əsədə deginən,
Bir mənim qeydimə qalsın, ağlasın.
Arif məclisində, alim yanında,
Hərdən bir yadına salsın, ağlasın.

Fələk qış eylədi güllü yazımı,
Eşidən ağlayar xoş avazımı.
Sinəsi sədəfli telli sazımı,
Ələsə deginən çalsın, ağlasın.

Kəpəz, Murov, Murğuz, Çalmalı dağı,
O yerlərdən keçir elin yığnağı.
Meçidlinin, Taxta yurdun yaylağı,
İllər boyu viran qalsın, ağlasın.

Özüm yaxındayam könlüm uzaqda,
Fələk məni nakam qoydu bu vaxtda.
Gəncədə, Şəmkirdə, Tovuz, Qazaxda,
Yaralı «Dilqəmi» çalsın, ağlasın.

Köhlən at belində gəzdiyim dağlar,
Dumana, çiskinə dözdüyüm dağlar.
Nəcəfəm, əlimi üzdüyüm dağlar,
Lâləzar çiçəyi solsun, ağlasın.

İkinci variant

redaktə

Kalvayı Rəhim, Aşıq Ələsgərə deginən,
Qoy mənim qayğıma qalsın, ağlasın.
Ağır məclislərdə, dost yığnağında
Həmişə yadına salsın, ağlasın.

Özüm yaxındayam, qəlbim uzaqda,
Fələk mənə sitəm etdi bu vaxtda,
Gəncədə, Şəmkirdə, Tovuz, Qazaxda,
Yaralı “Dilqəmi” çalsın, ağlasın.

Daşnaq qış eylədi bahar-yazımı,
Eşidən ağlayır xoş avazımı.
Sinəsi sədəfli telli sazımı,
Ələsə deyin ki, çalsın, ağlasın.

Pəncərədən görünür Daşkənd yaylağı,
Dik pilləkən, Nərkeçən, Keytinin dağı.
Meçidli, Taxtayurd, Tərsə bulağı,
İllərnən viranə qalsın, ağlasın.

İsmayılı, Gülüstanı görmədim,
Şəmsəddini, Şəmistanı görmədim,
Mikayılı, həm Aslanı görmədim,
Abuzər boş yurda gəlsin, ağlasın.

Daşqın selə düşüb, daşıb gedirəm,
Gün kimi dağlardan aşıb gedirəm,
Göyçə ilə vidalaşıb gedirəm,
İstəyən dost vida qəlsın, ağlasın.

Köhlən at belində gəzdiyim dağlar,
Çəninə, çiskininə dözdüyüm dağlar,
Nəcəfəm, əlimi üzdüyüm daölar,
Lalə, tər çiçəyi solsun, ağlasın.