Göz yaşım naməsi qasid əlində,
Oxuyub, əhvalım bilən ağlasın.
Can verdim istəkli canan yolunda,
Dərdü qəmim xəbər alan ağlasın.
Uçub ruhum getdi, gəlmir nəfəsim,
Yaralı bülbül tək kəsilməz səsim.
Vahidəm, bu eldə yoxdu bir kəsim,
Qərib qayğısına qalan ağlasın.
Qəm coşub sinəmdə, artıb azarım,
Kəsilib ümidim, səbrü qərarım.
Kimlər qazar qürbət eldə məzarım?
Qəbrimin üstünə gələn ağlasın.
İmanam, ah çəksəm, yıxılar dağlar,
Saralar bağçalar, pozular bağlar.
Dəmbədəm yaş tökər, gözlərim ağlar,
Görsün bu halımı, gülən ağlasın.