Ağlayır (Molla Pənah Vaqif)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlayır
Müəllif: Molla Pənah Vaqif

Qasid, tezcə yardan gətir bir xəbər,
Ol gülü-xəndanım neçün ağlayır?
Zalımın torundan çıxmış kənara,
Xub tülək tərlanım neçün ağlayır?

Bənövşə ətr alır zülfü muyundan,
Baxan doymaz qamətindən, boyundan,
İnsaf deyil, qurban deyəm qoyundan,
Ona qurban canım, neçün ağlayır?

Vaqif, çoxdur dərdin, mən də bilərəm,
Bir gün görməyəndə yəqin ölərəm,
Ağlasan ağlaram, gülsən gülərəm,
Xəstəyəm, dərmanım neçün ağlayır?