Ağrıdağ əfsanəsi

Rəvayətlər. Ağrıdağ əfsanəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər ki, qədim zamanlarda yer üzündə iki div var imiş. Bu divlərdən biri Məğribdə, o birisi Məşriqdə yaşayırmış. Bunlar qolda, qüvvətdə bir-birindən geri qalmazmış. Hər ikisi öz igidliyindən dəm vurub “mənəm-mənəm” deyərmiş. Onlar bir-birinin haqqında çox eşidibmiş, amma heç vaxt görüşməyiblərmiş. “İki qoçun başı bir qazanda qaynamaz!” – deyib, Naxçıvanda görüşmək qərarına gəlirlər.

Uzun səfərdən sonra onlar Naxçıvanda üz-üzə durub vuruşmağa başlayırlar. Vuruşları çox çəkir, heç biri üstün gələ bilmir. Bu minval ilə xeyli vuruşurlar, di gəl ki, bir şey çıxmır. Divlər qurşaq tuturlar, yenə bir-birini yıxa bilmirlər. Axırda topuz vuruşuna keçirlər. Sən demə, bu divlərdən biri qadın imiş, o biri kişi. Amma bu məsələdən kişi divin xəbəri yox imiş. Topuz vuruşu da çox bərk gedir. Birinci, ikinci vuruşda topuzlar göydə çox toqquşur. Üçüncü vuruşda topuzu bir-birinin başına endirə bilirlər. Qadın divin topuzu kişi divin başın haçalayır, kişi divin topuzu da necə bərk dəyirsə, qadın div uşaq salmalı olur. Həm də zərbələrini bərk vurduqlarından bir-birindən aralı düşürlər. Kişi div öz əməlindən peşman olur, yaralı-yaralı başını qaldırır ki, qadın divi görsün, amma qadın div çox aralı düşübmüş.

Divlərin vuruşu göylərə xoş getmir. Hər iki divi Tanrı daşa döndərir. Üstündən xeyli keçəndən sonra divlər iki dağa dönüb aralıdan bir-birinə baxırlar.

O vaxtdan kişi div “Haça dağ”, qadın div isə “Ağrı dağ” adı ilə tanınır.


Mənbə

redaktə