Ağrın alım (Aşıq Əsəd)
Ağrın alım Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Ay qaraqaş, ay yaşılbaş,
Qarşıda süz, ağrın alım;
Cilvələnib eşqə bələn,
Telini düz, ağrın alım;
Dildə kəlam, əldə qələm
Dərdimi yaz, ağrın alım;
Firqətindən, həsrətindən
Oldum nasaz, ağrın alım;
Al hava, gətir dəva,
Eyləmə naz, ağrın alım.
Boyu bəstə, oldum xəstə,
Mən yazığa sən rəhm elə.
Üz qəmər, müşkü ənbər
Xub yaraşır siyah telə;
Altından al, bir qumaş şal
Dolayıbsan nazik belə;
Alma yanaq, qaymaq dodaq,
Göz önündən getmə hələ;
Gətirim saz, ol xoşavaz,
Ay Sərvinaz, ağrın alım.
Bir şəhla göz, bir belə qız
Görməmişəm bu dünyada.
Etmir hesab, bu nainsaf
Aşiqini salmır yada.
Salma çölə, insaf elə,
Mən xəstəyə versin bada.
Əldə gülü, şirin dili
Mən görmüşəm Minayada.
Keç başa, qıl tamaşa,
Mən çalım saz, ağrın alım.
Ay mələk, qurma kələk,
Gözlərini süz, bəri bax!
Gəl mərdana, bu gərdana
Saçlarını düz, bəri bax!
Bu gün yazım, şeir düzüm,
Olaq üzbəüz bəri bax!
Bu səhər, qoynun bahar,
Açılıbdır yaz, bəri bax!
Daranıb, xub yaranıb
Belə şahbaz, ağrın alım.
Ay gülüm, şən bülbülüm,
Cəh-cəh vurub etmə haşa;
Alma yanaq, büllur buxaq,
Bal bələnib dilə, dişə.
Sayıl olub, mayıl olub
Hər kəs görsə mayıl qaşa.
Bu bazardan, bədnəzərdən
İllər boyu uzaq yaşa.
Əsəd deyir, vəsfin yazır
Bir belə qız, ağrın alım.