Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş Müəllif: Cahanşah Həqiqi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ağzını qönçeyi-xəndan dedilər, gerçəkmiş,
Xəti-ruxsarını reyhan dedilər, gerçəkmiş.
Lövhi-məhfuzini ta gördü kəlam ehli sənin,
Ayəti-vəchini Quran dediler, gerçəkmiş.
Zövqi-eşqin ki, qəmi dünyavü üqbayə deyər,
Bu könül təxtinə sultan dediler, gerçəkmiş.
Ənbərəfşan saçını küfrə münasib qılıban,
Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş.
Əhli-təqva ki, sücud eylədi vəchində sənin,
Sacidi-surəti-rəhman dedilər, gerçəkmiş.
Ey Həqiqi, çu sənə nəqli-kəlam oldu müin,
Nəfsinin şərhini bürhan dedilər, gerçəkmiş.