Aşıq Ələkbərin hekayəti

Rəvayətlər. Aşıq Əkbərin hekayəti
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qağam Aşıx Ələhpər nağıl eliyirdi ki, erməni-müsəlman davasında Osmanlı qoşunu gəlmişdi kəndimizə. Əsgərlər iki-iki, üç-üç, paylaşmışdı əvlərə. Qoşunun böyükləri – Əli paşaynan Həsən çavış düşmüşdü bizə. Gecələr gəldən-getdən danışardıx. Bir gün paşa öz başına gələn bir əhvalat danışdı.

– Neçə illər bınnan qabax alayımız Təbriz civarında durmuşdu. O vaxtı cavanıydım, orduya təzə gəlmişdim. Yaxşı qullux elədiyimə görə məni əvə buraxdılar. Bı arxadaşım Həsən çavışı da götürüb getdim əvə. Yolda bir yolçu da qoşuldu bizə. Axşamacan getdik, hava qaralanda bir qayalıxda gecələdik. Tüfənglər əlimizdə, badronnar belimizdə, yanaşı uzanıb yatmışdıx. Gecəyarısı ayılıb eşiyə çıxmax istədim. İki addım atmamışdım ki, yumşax, soyux bir şeyə toxundum. Hər nəyidisə, ətiydi. Bir az yana döndüm, gördüm ki, bu yan da elədi. Qorxdum, tez arxadaşlarımı durğuzdum. Qarannıxda heş nə görsənmirdi, gözdədik səhər açılsın.

Hava işıxlanar-işıxlanmaz qorxudan gözdərimiz bərəldi. Gördük ki, dirək yoğunnuğunda bir əjdaha bizi alıb çevrəyə, başını da qoyub quyruğunun üstünə yatıb. Pıçıldadım ki, üçümüz də birdən əjdahının başını tutax gülləyə. Yolçu qoymadı, dedi ki, əjdaha bizi öldürmək istəsəydi, ta mansırıya alıb səhərəcən gözdəməzdi. Bırda nəsə bir iş var, bir az gözdüyək.

Bı dəmdə əjdaha başını qalxızıb baxdı bizə. Sora quyruğunu dolandırıb açıldı. Qabağımızda uzun bir tir durmuşdu. Əjdaha bizə baxdı, baxdı sora yavaş-yavaş sürünüb getməyə başladı. Yolçu dedi ki, gəlin biz də dalınca gedək.

Düşdük əjdahanın dalına, xeyli gedib bir meşəyə tuş gəldik. Meşəynən gedib bir talıya çıxdıx. Əjdaha dayanıb bizə baxdı, sora qabağa sürünüb ucadan fısıldadı. Talanın oyızınnan da fısıltı eşidildi. Bir də gördük ki, bınnan da yekə bir əjdaha peyda oldu. Bınnar başdadı bir-birini didib parçalamağa. Hiss olunurdu ki, bizi gətirən əjdahanın o birinə gücü çatmır, tez-tez bizə baxırdı. Yolçu dedi ki, bı əjdaha bizi köməyə çağırır. Gecədən indiyə bizdən əl çəkməməyinin səbəbi də bıdı.

Mən dedim ki, gəlin elə ikisini də öldürək, Yolçu qoymadı, dedi ki, yox, Tanrıya xoş getməz. Bı əjdaha bizə pənah gətirib. Yəqin Tanrının hökmüdü. Gərək o birini öldürüb bını sağ buraxax. Nəsə, fürsət tapıb o biri əjdahaya bir neçə qatar boşaltdıx. Gəbərib yerində qaldı. Bizi gətirən əjdaha çox yerdən yaralanmışdı, əti sallanırdı. Yavaş-yavaş sürünüb girdi meşiyə. Biz də “axırı nolur?” deyib düşdük onun dalına. Əjdaha gedir, hərdən, də dayanıb yaralı yerrərini bir ota sürtürdü. Fikir verib gördük ki, əjdaha hər dəfə eyni cür ota sürtünür, özü də sürtünəndə bizə baxır. Yolçu dedi ki, bı otda hikmət var, gəlin biz də onnan yığax. Otdan xeyli yığdıx. Bir az gedəndən sora düzənniyə çatdıx.

Əjdaha dayandı, ta getmədi. Biz onu orda qoyub uzaxlaşdıx. Xeyli gedənnən sora yolçu bizdən aralandı. Biz də öz kəndimizə gəldik.

Kənddə ağsaqqal, çox savadlı bir bilici vardı. Onun yanına gedib əhvalatı danışdım, otu göstərdim. Bilici baxan kimi dedi ki, bı ot bütün dərdlərin dərmanıdı. İllah da, ilan vıran adam bı otdan yesə o dəyqə sağalar. Yəqin ki, əjdaha onu bizə yaxşılığın əvəzi kimi veribdi...

Mənbə redaktə