Aşıq Ələsgər ilə deyişmə

Aşıq Ələsgər ilə deyişmə
Müəllif: Aşıq ƏləsgərŞəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Aşıq Ələsgər
Hərcaymm, dilbilməzin ucundan,
Dönə-dönə mən ziyana düşmüşəm.
Doymaq olmaz gözəllərin buyundan,
Pərvanə tək yana-yana düşmüşəm.

Aşıq Hüseyn
Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm.
Arif məclisində, alim yanmda,
Neçə dəfə imtahana düşmüşəm.

Aşıq Ələsgər
Dövlətim çox oldu, qıymadım pula,
Kor oldu gözlərim, yapışdım dula,
Nə ölür, nə itir canım qurtula,
Məcnun təki biyabana düşmüşəm.

Aşıq Hüseyn
Bir zaman əlimdə zil, bəm saz oldu,
Gözəllər mənimlə üzbəüz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una düşmüşəm.

Aşıq Ələsgər
Ələsgər keçibdi namus, arından,
Aləm yata bilməz ahü-zarımdan,
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmərəm, qana düşmüşəm.

Aşıq Hüseyn
Özüm aşıq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışam təşbih timsalda,
Hüseyn deyər: yaman dona düşmüşəm.