Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü

Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü
Müəllif: Aşıq Ələsgər - Şəmkirli Aşıq Hüseyn
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Mənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.
Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.
Şəmkirli Aşıq Hüseyn çox qabil sənətkar idi. Onun bilmədiyi söz, öyrənmədiyi
dastan yox idi. Aşıq Hüseyn Tufarqanlı Abbasa, Qurbaniyə, Xəstə Qasıma bərabər
şair idi. Toy məclislərində aşıqların oxuduqları sözlərin çoxu Şəmkirli Aşıq
Hüseyndən olardı.
Aşıq Hüseyn həm də çox mərifətli, hər şeyin yerini bilən bir el ağsaqqalı idi.
Hamı istəyirdi ki, onun toy şənliyini Aşıq Hüseyn yola salsın.
Aşıq Hüseyn dastanları elə şirin danışır, sözləri elə məlahətlə oxuyurdu ki,
onun məclisində olan cavanlar aşıq olmaq həvəsinə düşərdi.
Aşıqlıq öyrənmək istəyənlər arzu eləyirdilər ki, nə olaydı, nə olaydı, şəmkirli
Aşıq Hüseynə şəyird olaydı. Ermənilərdən də bir çox cavanlar Aşıq Hüseynə
şəyird olmağa çalışırdılar…
Şəmkirli Aşıq Hüseynin vaxtında Göyçə aşıqları məclislərdə ən çox Aşıq
Ələsgərin sözlərindən oxuyurdular. Şəmkir, Qazax, Şınıq mahallarına gedən Göyçə
aşıqlarından məclisdəkilər xahiş eləyirdilər ki, bir söz başqa aşıqdan oxuyanda,
birini də Aşıq Ələsgərdən oxusunlar. Aşıq Ələsgərin sözləri Azərbaycan torpağının
hər tərəfinə yayılmışdı.
Şəmkirli Aşıq Hüseyn də Aşıq Ələsgərin sözlərini eşitdi: gördü ki, çox qiyməli
sözlərdir. Onun təcnisləri Aşıq Hüseyni elə tutdu ki, onlardakı ustalığa heyran
qaldı. Dodaqdəyməzlərini eşidəndə, hələ heç bir aşıqda rast gəlmədiyi belə sözlər
Aşıq Hüseyni heyrətə saldı. Özü də bu cür sözlər düzəltdi və gördü ki, bu, çox
çətin işdir; hər aşıq bunu bacarası deyil. Odur ki, Aşıq Ələsgərlə görüşmək
həvəsinə düşdü.
Amma xeyli müddət gözlədi, Aşıq Ələsgərin yönü Şəmkirə düşmüşdü ki,
görüşələr.
O vaxt Göyçə mahalında Alı, Ələsgər, Məhərrəm, musa, Alışan, Qəhrəman,
Qasım, Mehdi, Qulu, Qurban, Nəcəf, Əsəd, Yunus kimi adlı-sanlı aşıqlar var idi.
Bunların hamısı ustada qulluq eləmiş, aşıqlıq elmini tamam-kamil öyrənmişdilər.
Amma Göyçədə elələri də var idi ki, öz-özünə saz çalmağı öyrənmişdi və bir neçə
qatar da söz əzbərləyib, ortalığa düşmüşdü ki, mən də aşığam. Belə aşıqlardan bir
də Hüseynqulağalı Aşıq Mikayıl idi.

Aşıq Mikayıl üç-dörd il idi ki, saz götürüb, aşıqlıq eləyirdi. Anacaq Göyçədə
şətəli o qədər də işləmirdi. Tanınmaz yerlərə gedər, səsinə güc verər, qəpik-quruş
yığardı.
Bir gün Aşıq Mikayıl yenə sazını götürüb, o kənd mənim, bu kənd sənin, gəzəgəzə
gəlib Gədəbəyə çıxdı. Bir toy məclisində Aşıq Mıqıçla rastlaşdılar.
Aşıq Mıqıç Şəmkirli Aşıq Hüseynin şəyirdi idi. O, Şəmkir mahalının Çardaxlı
kəndindən idi. Erməni olsa da, türkcə çox düzgün və gözəl oxuyurdu. Amma onda
bir xasiyyət var idi ki, tanımadığı aşıq görəndə, pisikdirməyə çalışardı.
Aşıq Mıqıç bir məclisdə bir-iki qatar oxuyandan sonra, ustadının bir
bağlamasını dedi və Aşıq Mikayıldan tələb elədi ki, cavabını versin.
Mikayıl qaldı məəttəl, nə qədər fikirləşdisə də, bir yana yoza bilmədi.
Mıqıç Mikayılın sazını aldı, dedi:
– Nə zaman bağlamanı açdın, onda gəlib sazını apararsan!
Mikayıl bağlamanı ordakıların birinə yazdırıb, cibinə qoydu, korpeşman
Göyçəyə qayıtdı. Evə gələndən sonra da nə qədər fikirləşdi, bir şey çıxmadı. Dosttanışına
üz tutdu, aça bilmədilər. Elə hesab elədilər ki, dolaşdırmadı, sözün kökü
yoxdu. Mikayılın əlacı kəsildi, Aşıq Ələsgərin yanına gəldi. Aşıq Ələsgər elə hesab
elədi ki, Mikayıl ona şəyird olmağa gəlib. Çay-çörəkdən sonra Aşıq Ələsgər
soruşdu:
– Mikayıl, nə yaxşı gəlibsən?
Mikayıl başına gələni olduğu kimi danışdı. Aşıq Ələsgər onu bir az danladı ki,
niyə aşıqlığı ustaddan öyrənməmiş çöllərə düşüb, özünüzü də, Göyçəni də biabır
edirsiniz?! Mikayıl dilləndi:
– Ələsgər əmi, bu, bağlama deyil; ağlına gələni yalandan quraşdırıb.
Sözün kökü yoxdur, dolaşdırmadır.
Mikayıl kağızı cibindən çıxarıb, Aşıq Ələsgərə verdi. Aşıq Ələsgər üzünü oğlu
Bəşirə tutdu:
Oğul, al oxu görüm.
Bəşir kağızı oxumağa başladı. Biz də sazla oxuyaq, şad olun:
Bir gün bir heyvanat gördüm,
Zənbur kimi can verir;
Xörəyi yük ilə gəlir,
Nəfəsi duman verir;
Dindirirsən danışmağa,
Nalə verir asmana;
Nə yerdədi, nə göydədi.
Sədri üstə yan verir.

Bir başı var, bir ayağı,
Gör neçə barmağı var;
Iki qolu, bir boğazı,
Tək bircə dodağı var;
Əyləşibdi bir məqamda,
Hər yanda oylağı var;
Qoy eşitsin, hamı bilsin,
Hər gələnə nan verir.
Gəl biçarə Aşıq Hüseyn,
Qıl sözünü müxtəsər;
Onun abı gur gələndə
Olur dəli, dəngəsər;
Eşidənlər, fikir verin
Bu sözümə sərbəsər,
Əgər ki, ağam olmasa,
Sidqinə güman verir.
Mənim əzizlərim, elə ki söz qurtardı, Aşıq Ələsgər üzünü Mikayıla tərəf tutub,
acıqlı-acıqlı dilləndi:
– Sən deyirsən bu sözün evi yoxdur! Ustada belə qiymət verirlər?!
Gör sadə bir şeyin üstündə nə gözəl bağlama düzəldib!
– Ələsgər əmi, sən Allah, nəyin üstündə düzəldib?
Aşıq Ələsgər Mikayıla cavab vermədi. Sazı dirəkdən endirib, köynəyindən
çıxardı, zilini zil, bəmini bəm elədi, düzəltdi. Bəşirə dedi ki, kağız-qələm gətir.
Bəşir kağız-qələm gətirdi. Aşıq Ələsgər sazı sinəsinə basdı. "Osmanlı divanisi"
havası ilə görək nə dedi, Bəşir nə yazdı.
Biz də sazla deyək şad olun:
Gələndə ustad kəlamı,
Köhnə yaram qan verir:
Mövcə gəlir bəhri-çeşmin,
Qətreyi-baran verir.

Dənəni torpaq içində
Göyərdir kanı-kərəm;
Bir mələk müqərrər olmuş.
Bizlərə ərzan verir.
Aşıq Ələsgər üzünü Bəşirə tutub dedi:
– A bala, yazdınmı?
– Ay Dədə, yazdım.
Aşıq Ələsgər aldı o biri bəndini:
Anlamaz, nadan eşitsə,
Deyər hədyandı bu söz;
Əhli-irfan məclisində
Ləlü mərcandı bu söz.
Müxtəsəri, türkü-zəbam,
Bil, "dəyirmandı" bu söz;
Ab şəcərə, ahən səngə,
Gör, neçə cövlan verir.
Mikayıl dilləndi:
– Ələsgər əmi, fikirləşdim, çox fikirləşdim, amma dəyirman heç ağlıma
gəlmədi.
– Səndə ağıl var ki, ağlına da gələ!
Aşıq Ələsgər aldı sözün o biri xanəsini:
Şindandan dən gəlməyəndə,
Düşər bir qeyri hala;
Dahanından ataş qalxar,
Ah çəkər, eylər nala.
Qəzəbindən ləngər verər
Həm qabağa, həm dala;
Hay verdikcə alov səpir,
Dud qalxar, duman verir.
Mikayılın əl-ayağı yerə dəymirdi. Bu bəndi eşidəndə dilləndi:
– Sağ ol, Ələsgər əmi!
Aşıq Ələsgərin Mikayıla bərk acığı tutmuşdu. Onun təlim-tərbiyəsiz saz
götürüb aşıq sənətini biabır eləməsini Aşıq Ələsgər heç cür bağışlaya bilmirdi. Mikayılın ona "sağ ol!" deməsindən də acığı gəlirdi. Əgər evi
olmasa idi, ona bir-iki çırpardı da…
Aşıq Ələsgər aldı sözün o biri xanəsini:
Haydı kola, xınzır oğlu,
Şindi durma qarşıda!
Paşol, molçi! İdi, durak!
Səni verrəm padsuda!
Oxuram "innafətəhna",
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsini pünhan verir.
Soruşur Aşıq Ələsgər;
Dərsi kimdən almısız?
Əbəs yerə saz götürüb,
Elə qovğa salmısız;
Üç kəlmə sözdən ötəri
Siz ki mətəl qalmısız,
Nahaqdı qürbət vilayət,
Sizlərə dövran verir.
Bəli, mənim əzizlərim, elə ki, söz tamama yetişdi, Mikayıl söyüşü, hədəqorxunu
eşitməzliyə vurdu. Sözün üzün köçürtdürüb cibinə qoydu.
Elə bil ki, dünyanı buna bağışlamışdılar.
Aşıq Ələsgər soruşdu:
– Mikayıl, bu sözü götürüb nə edəcəksən?
– Aparıb Mıqıça verib, sazımı alacam.
– Bundan sonra yenə aşıqlıq edəcəksən?
– Bəli, edəcəyəm.
– Yox, sənin aşıq olmağına hələ çox var. Get bir ustada qulluq elə,
bilmədiklərini öyrən, kəm-kəsirini düzəlt.
– Kimin yanına getdim, şəyird götürmədi.
Aşıq Ələsgər bir az yumşaldı:
– Səndə ki aşıqlığa həvəs var, mən öyrədərəm. Get sazını al, qayıdanda mənim
yanıma gələrsən.
Mikayıl sevinə-sevinə evlərinə getdi. Səhər tezdən yol başladı Çardaqlıya. İki
günə gəlib Çardaqlıya yetişdi. Soruşub Mıqıçın evini tapdı. Qonşuluqdan bir oğlan gedib Mıqıçı çölə çağırdı Mıqıç çölə çıxanda gördü
ki, Mikayıl gəlib. Əlindən tutub əhvalını soruşdu, evə təklif elədi. Mikayıl evə
getmək istəmədi. Qonu-qonşu məsələdən hali oldu ki, Mıqıçın bağladığı aşıq gəlib.
Bir göz qırpımında burya bir məclisin adamı toplaşdı. Qonşuluqdan ağsaqqal bir
erməni Mikayılı da, Mıqıçı da evlərinə apardı. Mikayıl kağızı çıxartdı. Oxudular
gördülər ki, Mıqıç məclisdə oxuduğu bağlamanın cavabıdır. Özü də çox ustalıqla
açılıb. Mıqıç Mikayılın sazını özünə qaytarmaq istəmədi, dedi:
– Bağlamanı sən açmış olsaydın, sazını verərdim. Aşıq Ələsgər açıb, sazı
verməyəcəm.
Mıqıç belə deyəndə həmin ağsaqqal erməni işə qarışdı:
– Aşıq Mıqıç, bağlama sənin olsaydı, sən deyən idi. Bağlama özgənindi, o da
gedib özgəyə açdırıb. Oğlanın sazını ozünə ver.
Aşıq Mıqıç gördü ki, bu, çox tutarlı söz oldu. Dillənməzcə Mikayılın sazını
özünə qaytardı.
Mikayıl sazını götürüb, birbaş Göyçəyə gəldi. Gələn kimi özünü Aşıq
Ələsgərin yanına yetirdi. Aşıq Ələsgər Mikayılı yanında şəyird saxladı.
Mənim əzizlərim, Mikayıl Aşıq Ələsgərin yanında şəyird qalmaqda olsun, sizə
deyim Şəmkirli Aşıq Hüseyndən. Mıqıç sözü götürdü, ustadının yanına getdi.
Məsələni Aşıq Hüseynə danışdı. O, bu işə görə Mıqıçı bir az danladı. Sonra
bağlamanın açmasını oxutdurdu.
Mıqıç elə hesab edirdi ki, ustadı bağlamanın açılmasına pərt olacaq.
Amma belə olmadı; Aşıq Hüseyn bu cavabdan razı qaldı. Mıqıça dedi ki, Aşıq
Ələsgər bağlamanı çox gözəl və düzgün açıb. Aşıq Hüseyni razı salan bir də o idi
ki, Aşıq Ələsgər özündən yaşca böyük olan ustada ehtiram göstərmiş, onun
bağlamasını ləl, mərcan kimi qiymətləndirmişdi.
Aşıq Ələsgərin bu mərifəti Aşıq Hüseynin onunla görüşmək həvəsini bir qədər
də artırdı.
Aşıq Hüseyn çox arzu edirdi ki, Aşıq Ələsgər Şəmkir tərəfə gəlsin, görüşsünlər.
Amma Aşıq Ələsgər gəlmirdi ki, gəlmirdi…
Aşıq Hüseynin səbri kəsildi. Bir istədi ki, kağız göndərib, Aşıq Ələsgəri
çağırtdırsın, amma bu fikirdən tez əl çəkdi. Ona görə ki, bağlamanın açılmasından
sonra çağırtdırmaq onu meydana çağırmaq kimi başa düşülərdi. Çox götür-qoydan
sonra belə qərara gəldi ki, özü Aşıq Ələsgərlə görüşə getsin.
Bəli, mənim əzizlərim, payız getdi, qış gəldi, qış hərləndi yaz oldu.
Günlərin bir günü Aşıq Hüseyn atını mindi, sazını da çiyninə saldı.

Göyçəyə yola düşdü. Gəlhagəl, gəlhagəl, axşamtərəfi gəlib Ağbulaq kəndinə
yetişdi. Ağbulaq kəndində Aşıq Hüseyni tanıdılar. O gecə onu saxladılar, yaxşı
söhbət elətdirdilər. Sabah hamınızın üzünə xeyirliklə açılsın, sabah Aşıq Hüseyn
yola düşəndə Kalvayı İrvaham soruşdu:
– Aşıq Hüseyn, Allah qoysa, səfərin harayadır?
– Aşıq Ələsgərlə görüşməyə gedirəm.
– Xahiş edirəm, qayıdanda bizi görməmiş olma!
– Baş üstə!
Səhər tezdən Aşıq Hüseyn Göyçə dənizinin kənarı ilə yol başladı Ağkilsəyə.
Dağ otu biçilirdi. Aşıq Ələsgər də biçinə gedirdi. Bu gün o, biçinə getmədi.
Arvadı Anaxanım onun yanına gəlib dedi:
– A kişi, camaat biçinə getdi, sən niyə yubanırsan?
– Arvad, mən bu gün getməyəcəm.
– Niyə?
– Bu gün Şəmkirli Aşıq Hüseyn bizə qonaq gələcək.
Anaxanım daha bir söz soruşmadı. Başladı ev-eşiyi səliqəyə salmağa.
Aşıq Ələsgər qardaşı Məhəmmədi yanına çağırıb dedi:
– Məhəmməd, durma, get yaylaqdan heyvan gətir.
– Ay qağa, xeyirdimi?
– Bu gün Şəmkirli Aşıq Hüseyn bizə qonaq gələcək.
– Ay qağa, kim dedi?
– Yuxuda görmüşəm. Sən durma, get heyvan gətir. Gerçək olar, qonağımıza
kəsərik, qonaq gəlməsə, özümüzə kəsərik.
Məhəmməd atı mindi, heyvan gətirməyə getdi.
Aşıq Ələsgər qapı-bacada hərlənib, qonağın yolunu gözləməyə başladı. Bir də
gördü ki, Zod yolu ilə bir atlı gəlir. Atlı gəlib kəndə yaxınlaşanda yolun qırağında
yer sulayan Məşədi Paşanın yanında dayandı. Nə danışdılarsa, Məşədi Paşa əlini
kəndə tərəf uzatdı. Sonra atlı yenə yoluna davam elədi. Aşıq Ələsgərin ürəyinə
damdı ki, Aşıq Hüseyn olacaq. Damın üstündən aşağı düşdü, qonağı qarşılamaq
üçün yola tərəf getdi. Qarama deyilən suyun yanında bir-birinə çatdılar.
Aşıq Ələsgər gördü ki, boz atlı, qara yapıncılı, sarıyağız, qırmızı saqqal, üzündə
tək-tək çopuru olan bu nurani kişi həmin yuxuda gördüyü adamdır. Aşıq Hüseyn
dilləndi:
– Salaməleyküm, ay Aşıq Ələsgər!
– Ələyküməsalam, ay Aşıq Hüseyn!
– Əyə, xalası göyçək, sən nə bildin ki, mən Aşıq Hüseynəm?
– Bacısı göyçək, bəs, sən mənim Aşıq Ələsgər olduğumu nədən bildin?
– Mən iki gündür, soraqlaşa-soraqlaşa gəlirəm. İndi də o yer sulayan qonşundan
soruşdum, dedi ki, o ev Aşıq Ələsgərin evidir, damın üstündəki də Aşıq Ələsgərdir.
– Sənin də gələcəyini mənə demişdilər.
Aşıq Hüseyn təəccübləndi; Aşıq Ələsgərlə görüşəcəyi barədə
Zodda bir söz deməmişdi. Ağbulaqda Ağkilsənin arası da birgünlük yoldur.
Bəs, bu xəbəri Aşıq Ələsgərə kim gətirmiş olar?!
Aşıq Hüseyn atdan düşdü, görüşdülər, öpüşdülər…
Aşıq Ələsgərlə Aşıq Hüseyn danışa-danışa evə tərəf gəlməyə başladılar. Bunlar
qapıya çatanda, Məhəmməd də çatdı. Məhəmməd əlini Aşıq Hüseynə uzatdı:
– Hüseyn əmi, xoş gəlibsən!
– Xoşbəxt olasan! A bala, sən mənim "Hüseyn əmi" olduğumu haradan bildin?
– Vallah, Hüseyn əmi, qağam dedi ki, Şəmkirli Aşıq Hüseyni yuxuda
görmüşəm; bizə qonaq gələcək. Bu heyvanı da ona görə gətirtdirdi.
Aşıq Hüseyn şübhədən çıxdı, daha heç bir söz demədi. Məhəmməd heyvanı
kəsdi, soymağa başladı. Aşıq Ələsgərlə Aşıq Hüseyn evə keçdilər. Çay-çörək
hazırlandı. Yedilər, içdilər. Axşam oldu. Camaat
Aşıq Hüseynin gəldiyini eşitdi. Aşıq Ələsgərin evində məclis quruldu.
Bir qədər keçəndən sonra Aşıq Hüseyn dedi:
– Aşıq Ələsgər, sazını götür, bir-iki qatar oxu.
– Ay Hüseyn əmi, camaat mənim oxumağımı çox görüb. Bu gün sənin səsini
eşitmək üçün buraya yığılıbar. Yaxşı olar ki, özün bir-iki kəlmə deyəsən.
– Aşıq Ələsgər, camaat mənim səsimi eşitmək istəyirsə, mən də sənin səsini
eşitmək istəyirəm. Gəl ikimiz də oxuyaq. Məclisdəkilər bu təklifə çox razı qaldılar.
Aşıqlar sazlarını götürdülər, çalıb-oxumağa başladılar. Ustad aşıqların sözlərindən
bir qədər oxuduqdan sonra Aşıq Hüseyn dedi:
– Aşıq Ələsgər, sənin yaxşı-yaxşı sözlərin gəlib qulağıma çatıb.
Bir az da özündən oxu.
– A Hüseyn əmi, siz kimi ustadın yanında üzə çıxası elə sözüm yoxdu. Sən öz
sözlərindən oxusan, bizim üçün çox xoş olar.

– Eləsə ikimiz də özümüzdən oxuyaq.
Aşıq Ələsgər başa düşmüşdü ki, Aşıq Hüseyn bunun şələsini yoxlamağa gəlib.
Yoxlamamış əl çəkməyəcək. Odur ki, dedi:
– Hüseyn əmi, məsləhət sizindir.
Aşıq Hüseyn aldı, görək nə dedi, məclisdəkilər nə eşitdi:
Analar oğlan dolanda
Qoy doğsun oğlanı mərd;
Atası kamil olan
Tez tapar dövranı mərd;
Axşamadək ac da qalsa,
Bir tikə yalqız yeməz;
Gedənin yoldan qaytarar,
Xub saxlar mehmanı mərd.
Aşıq Hüseyn sözü dilcavabı deyəndən sonra Aşıq Ələsgər dedi:
– Hüseyn əmi, mənim də bu qafiyədə "Mərd" sözüm var. İcazə versən, mən də
onu oxuyaram.
– Çox şad olaram, buyur.
Aldı Aşıq Ələsgər:
Altı gündə xəlq eylədi
Aləmi sübhanı mərd;
Aya, Günə qərar qoyub,
Dolanır dünyanı mərd.
Məhəmməd şəninə endi
Doxsan min kəlmə tamam;
Osman yazdı, cəm eylədi
Otuz cüz Quranı mərd.
A l d ı A ş ı q H ü s е y n :
Bir mərd ilə ülfət qılan
Axır bir gün mərd olu,
Namərd ilə ülfət qılan
Çöl-biyaban dərd olu,
Namərd bir mehman görəndə
İki gözü dörd olu,
Mərd çəkər alar əlindən,
Gen açar süfranı mərd.

A l d ı A ş ı q Ə l ə s g ə r :
İbrahimi-Xəlilullah
Əhd-peyman eylədi;
Çıxartdı Mina dağına,
Oğlun qurban eylədi;
Həcər yandı, nalə çəkdi,
Ahu fəban eylədi,
Barilahim kərəm qıldı,
Göndərdi qurbanı mərd.
A l d ı A ş ı q H ü s е y n :
Aşıq Hüseyn deyər,
Namərd binişan olu;
Bir məclisdə namərd olsa,
Məclis pərişan olu.
Mərd bir məclisə varanda,
Məclis ürövşan olu;
Hər yerdə bir xanə yapar,
Gəşt eylər cahanı mərd.
A l d ı A ş ı q Ə l ə s g ə r :
Ələsgər adın qurbanı,
Ya Məhəmməd Mustafa!
Şəninə ayə xətm oldu,
Əl-ətasan, qul kəfa.
Dinini aşkar eylədi,
Münkirə verdi cəfa;
Qılıncı mərd, qüvvəti mərd,
Atı mərd, meydanı mərd.
Sözlər tamam olanda, Aşıq Hüseyn dilləndi:
– Sağ ol, Aşıq Ələsgər! Sözün çox xoşuma gəldi. Qiymətli sözdür.
– Hüsyen əmi, sənin sözünün isə heç əvəzi yoxdur. Mənim sözüm hara, sənin sözün
hara?! Mənim sözüm mollalardan eşitdiyim hədisdir, amma səninki ustadnamədir,
nəsihətdir.
Aşıq Hüseyn başqa bir söz başladı. Aşıq Ələsgər də həmin qafiyədə ona münasib söz
oxudu. Sonra üçüncüsünü, dördüncüsünü… hər iki aşıq bir-birin sözlərini tərifləyə-tərifləyə 7–8 qatar özlərindən söz oxudular. Hər dəfə Aşıq Hüseyn sözün birinci bəndini deyəndən sonar Aşıq Ələsgərdən soruşurdu ki, bu qafiyədə də sözün varmı? Aşıq Ələsgər deyirdi ki, var. Aşıq
Hüseyn yəqin elədi ki, Aşıq Ələsgər sözlərin çoxusunu buradaca bədahətən dedi.
Camaat çox diqqətlə qulaq asırdı. Axşama qədər ot biçən adamların
yorğunluğundan əsər-əlamət qalmamışdı. Aşıq Hüseyn üzünü Aşıq Ələsgərə tutub
dedi:
– Aşıq Ələsgər, sənin dodaqdəyməz sözlərini də eşitmişəm. İndiyə qədər heç
bir aşıqda belə sözlər yoxdur. Söz deyəndə dodaqların bir-birinə dəyməməsi çox
çətin işdir. Mən də belə bir söz düzəltmişəm.
Gör xoşuna gəlirmi?
– Hüseyn əmi, bizim üçün çox xoşdur, buyur.
Aşıq Hüseyn indiyə qədər heç kəsin yanında oxumadığı "Ay eylər qıj-qıj"
dodaqdəyməz təcnisini oxumağa başladı, görək necə başladı.
Deyək, şad olun:
Qış çilləsi, Xıdır İlyas gələndə
Hərlənər gərdişi, ay eylər qıj-qıj.
Qış ayından yaz ayına keçəndə
Ərşdən neysan yağar, ay eylər qıj-qıj.
Aşıq Hüseyn sözü dilcavabı deyəndən sonra Aşıq Ələsgərdən soruşdu:
– Aşıq Ələsgər, buna oxşar sözün yoxdur ki?
– Hüsyn əmi, bu sözünü də aşıqlardan eşitmişdim. Çox xoşuma gəldi.
İstəmədim ki, tək oxuna; bunu da cütləmişəm. İcazə versən oxuyaram.
Aşıq Hüseyn az qaldı ki, Aşıq Ələsgərin yalanının üstünü aça. Deyə ki, bu söz
hələ heç kəsə məlum deyil. Birtəhər özünü saxladı. Ürəyində gülümsünüb dedi:
– Əgər cütləmisənsə, oxumağın çox yaxşı olar.
Aşıq Ələsgər sazı sinəsinə basıb başladı, görək necə başladı:
Qeyz eyləyər, çən çəkilər dağlara,
Qəhrindən yelləri ay eylər qıj-qıj.
Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay eylər qıj-qıj.

A l d ı A ş ı q H ü s е y n :
Acıqlandım əğyara: "nəsən ki!"
Eşqin artdı, hey yanınan, nə səngi.
Ağılkarlar qayıranda nə səngi
Ayaqda şəcəri ay eylər qıj-qıj.

A l d ı A ş ı q Ə l ə s g ə r :
Şin şəhər axtarar, şəcarə dəyər.
Şeytan şər eyləyər, şəc ara dəyər,
Daşar çaylar, qalxar şəcarə dəyər,
Hərlənər daşları, ay eylər qıj-qıj.

A l d ı A ş ı q H ü s е y n :
Ağılkarlar hey çəkərlər xəyatı,
"Hey" "yey"inən al dərsini xəyatı.
Sədairlr qayırarlar xəyatı,
Çarx hərlənər, səsi ay eylər qıj-qıj.

A l d ı A ş ı q Ə l ə s g ə r :
Aşıq çaşsa, dildə qara qar qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəştə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların, ay eylər qıj-qıj.

A l d ı A ş ı q H ü s е y n :
Yeri sən canana qarşı, gələndə,
Saxla sədaqəti qarşı gələndə.
Aşıq Hüseynin yarı qarşı gələndə,
Ağılı sərindən ay eylər qıj-qıj.

A l d ı A ş ı q Ə l ə s g ə r :
Yazıq Ələsgər, əlin yetsə nə nara,
Nə həsrət çək, nə ah eylə, nə nara.
Nə insandı səngi salır nə nara,
Qaynadar dərya tək ay eylər qıj-qıj?

Gecə yarıdan keçmişdi. Camaat söhbətdən ayrılmaq istəmirdi. Aşıq Hüseyn
Aşıq Ələsgərə dedi:
– Aşıq Ələsgər, bir dodaqdəyməzim də var. Onu da eşitmək istəyirsənmi?
– Hüseyn əmi, sənin sözlərin bir-birindən gözəldir. Görürsən də!
Camaat sabah işə gedəcəyini də yaddan çıxardıb. Hamı səni eşitmək istəyir.
Aldı Aşıq Hüseyn, görək bu dəfə nə dedi, məclisdəkilər nə eşitdi.
Deyək şad olun:
Sən şəyirdsən, hey deyirlər:
Dərs al ərkanda, gədə!
Həqiqətdən dişarısan,
Keçirsən yandan, gədə!
Aşıq isən, saz çalırsan,
Şər ilə işin nədir?!
Dəryalardan xərac alsan,
Həya qıl kandan, gədə!
Aşıq Hüseyn bu bəndi deyəndən sonra üzünü yenə Aşıq Ələsgərə tutdu:
– Aşıq Ələsgər buna oxşar sözün varmı?
– Hüseyn əmi, var.
– Onda de gəlsin!
Aldı Aşıq Ələsgər:
Gizli sirrin nahaq yerə
Gizlətdin xandan, gədə!
Ah çəkər, nalə eylərsən,
Can gedər candan, gədə!
Etiqadla, sidq dillə
Çağır şahlar şahını,
Nahaq işdi, dilək dilər
İnsan insandan, gədə!
A l d ı A ş ı q H ü s е y n :
Səyyad isən, seyrə çıxsan,
Gəşt elə dağlara sən;
Eşq əhlisən, axtargınan
Yetişəsən yara sən.
Eşq ataşı canda getsin
Getsən hər diyara sən,
Arı təki hey sızılda,
Şirə çək şandan, gədə!
A l d ı A ş ı q Ə l ə s g ə r :
Al çətirin, çıx səhraya,
Sal sərinə sayə, gəz;
Qədər sənlə gəzəcəkdir,
Istər gir dəryaya gəz.
Sakin əyləş sin içində,
Həqiqətdən ayə gəz;
Ağ eylə sinən aynasın
Şəri-şeytandan, gədə!
A l d ı A ş ı q H ü s е y n :
Hüseyndən kənar hərlən,
Səni salar əngələ.
Yenə dağlar nalə çəkir,
Çiskin gələ, çən gələ.
Əzrayıl nər kişidi,
Sinən çəkər çəngələ;
Keçərsən xirdar əlinə,
Addadar sandan, gədə!
A l d ı A ş ı q Ə l ə s g ə r :
Ələsgərlə danışanda,
Al əlinə saz, danış;
Inci, səni istəyənlə,
Eylə ərki-naz, danış;
Əyləşəndə ağır əyləş.
Danışanda, az danış;
Eşidənlər "əhsən!" desin
Sana hər yandan, gədə!

Sözlər tamama yetişəndən sonra Aşıq Hüseyn üzünü camaata tutub dedi:
– Camaat, icazə versəniz, söhbətimizi qurtararıq. Siz də işdən gəlibsiniz, sabah
da işə gedəcəksiniz.
Ağsaqqallardan biri dilləndi:
– Bəs, Aşıq Hüseynlə Aşıq Ələsgərin söhbətindən doymaq olar?!
Aşıq Hüseyn gördü ki, camaat yerindən tərpənmək istəmir, dedi:
– Yaxşı, oxu deyirsiniz, oxuyaq.
Aşıqlar bu dəfə başqa ustadların sözlərindən oxumağa başladılar.
Bir neçə qatar oxumuşdular, xoruz banladı.
Aşıq Hüsyen gülümsünüb dedi:
– Yenə oxuyaqmı?
Bayaqkı kişi gülə-gülə cavab verdi:
– Çox sağ olun! Xoruzun əmrindən çıxmaq olmaz.
Camaat istədi ki, aşıqlara dövranpulu yığsın, Aşıq Hüseyn razılaşmayıb dedi:
– Mən buraya qazanca gəlməmişəm; Aşıq Ələsgərlə görüşməyə gəlmişəm.
Məqsədim ancaq bu idi. Çox sağ olun!
Camaat şad-xürrəm dağılıb evlərinə getdi.
Aşıq Ələsgər Aşıq Hüseyni bir neçə gün də qonaq saxladı, yaxşı hörmət elədi.
Aşıq Hüseyn yola düşəndə qucaqlaşıb öpüşdülər…
Aşıq Hüseyn gəlib Ağbulaq kəndinə çatanda gördü ki, camaat onu gözləyir.
Molla Əli soruşdu:
– Aşıq Ələsgəri görə bildinmi, necə aşıqdı?
Aşıq Hüseyn Ağkilsədə olanların hamısnı bunlara danışandan sonra dedi:
– Aşıq Ələsgər kimi aşıq hələ dünyaya gəlməyib, indən belə də gəlməyinə
inanmıram; o, haqq aşığıdır…
Aşıq Hüseynin belə deməyi onun hörmətini daha da artırdı. O gecə onu
Ağbulaqda saxladılar, məclis qurdular, çox razı yola saldılar.
Bu əhvalatdan sonra harada söz düşdüsə, Aşıq Hüseyn Aşıq
Ələsgəri, Aşıq Ələsgər də Aşıq Hüseyni təriflədi.