Aşıq Abbasəli Nəzərov
Aşıq Abbasəli Nəzərov (2021) Müəllif: Araz Yaquboğlu |
Mənbə: Araz Yaquboğlu. "Aşıq Abbasəli Nəzərov" (az.). goyce.az. 2021-11-22. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23. |
Azərbaycan aşıq sənətinin aparıcı qolu, sütunu Göyçə aşıq məktəbidir desək, yanılmarıq. Dəfələrlə ədəbiyyatşünaslar müxtəlif yazılarında bu məktəbin rolunu dəyərləndirmiş, yüksək qiymət vermişlər. Aşıq yaradıcılığının tədqiqatçılarından olan Elxan Məmmədli “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” adlı məqaləsində yazır: “Azərbaycan aşıq poeziyasını Göyçəsiz təsəvvür etmək mümkünsüzdür. Poetik yaradıcılığın saz ahəngli qüdrətli nümunələrini yaradan Göyçə sənətkarları zəngin aşıq irsimizin əlçatmaz ustadları kimi həmişə diqqət mərkəzində olmuşlar.” [1,s.3] Bu məktəbin təşəkkül tapmasında və inkişafında Ağkilsə, Ağbulaq, Ardanış, Nərimanlı, Böyük Qaraqoyunlu, Kiçik Məzrə, Qızılvəng, Yarpızlı, Zərkənd və başqa kəndlərin ön sıralarında Daşkənd sənətkarlarının da yeri danılmazdır. Belə ki, Daşkəndin adını şöhrətləndirən onlarla aşıq və şair Göyçə aşıq məktəbində sazı və sözü ilə tanınmış, bu məktəbin inkişafında layiqli yer tuta bilmişlər. Təkcə Aşıq Ələsgərin ən sevimli şəyirdlərindən olan, erməni daşnakları tərəfindən belinə odlu samovar bağlanaraq öldürülən Aşıq Nəcəfin və Azərbaycan aşıq sənətində dastançı aşıq kimi məşhurlaşan, “Aşıq Alının Türkiyə səfəri” dastanının ifaçısı Aşıq Hacının adlarını çəkmək kifayətdir ki, Daşkənd sənətçilərinin Göyçə aşıq məktəbində yeri və mövqeyi bəlli olsun. Daşkənd kəndinin aşıq və şairləri haqqında tərəfimizdən zaman-zaman araşdırmalar aparılmış, elmi və publisistik məqalələr yazılmış, mətbuatda nəşr olunmuşdur. Yeri gəlmişkən, qeyd edək ki, bu sətirlərin müəllifinin hələ 2008-ci ildə “Daşkənd aşıqları və şairləri” adlı kitabı “Nurlan” nəşriyyatında çap edilmişdir.
Ənənəmizə sadiq qalaraq bu dəfə də Daşkənd kəndində doğulan aşıqlardan biri – Abbasəli Nəzərov haqqında oxucuları məlumatlandırmaq fikrindəyik.
Öncə onu bildirək ki, Aşıq Abbasəli Nəzərov haqqında yazılı mənbələrdə demək olar ki, məlumat verilməmiş, yazılanlar isə çox səthi və azdır. Belə ki, aşığın adına ilk rast gəldiyimiz mənbə tədqiqatçı alim Ziyəddin Məhərrəmovun “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” mövzusunda yazdığı namizədlik dissertasiyası oldu. Dissertasiyanın “Sənətkarların sənət şəcərəsinə aid siyahı və folklor xəritəsi” adlı əlavələr bölməsi var. Alim bu bölmənin “XX əsrdə Göyçə mahalında yazıb-yaradan aşıqlar və el şairləri barədə geniş məlumat” başlıqlı hissəsinin 10-cu sırasındakı Daşkənd kəndinə aid cədvəlin 6-cı sətrində yazır: “Aşıq Abbasəli Hüseyn oğlu; 1916-1995; Bərdədə vəfat edib” [2,s.132]. Z.Məhərrəmovun verdiyi bu informasiyada yalnız aşığın adı və atasının adı doğrudur. Doğum tarixi, vəfat tarixi və vəfat yeri haqqında aşağıda daha düzgün və dolğun məlumat verəcəyik.
İkinci məlumatı isə hələ biz 2011-ci ildə Yarpızlı Aşıq İslam haqqında araşdırma apararkən müəyyən etmişdik. Belə ki, sənətşünaslıq namizədi Azad Ozan Kərimli “Göyçə aşıq məktəbi” adlı məqalələr silsiləsində Aşıq Hacı haqqında yazırdı: “Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. ...Onun, öz söylədiyinə görə, üç ustadı varıymış. Birinci ustadı, elə öz kəndçisi Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, – sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! – A.O.K.) imiş.
Aşıq Abbasəliyə, (özü də o 1945-ci ildə əsirlikdən qayıdıb gəldikdən sonra), 1 il qulluq etdikdən sonra atası onu Bala Məzrəli Aşıq Hüseynin yanına aparır. Bir il də onun yanında qaldıqdan daha sonra, nəhayət, Qanlılı Aşıq Mehdi onu şagirdliyə götürüb, dörd il yanında gəzdirir”. [3] Biz o zaman “Filologiya məsələləri” elmi toplusunda bu fikirlərə aşağıdakı kimi şərh vermişdik: “Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.” [4,s.351] Qeyd edək ki, 2011-ci ildəki bu açıqlamamızdan bir neçə ay sonra İkinci Dünya müharibəsində həlak olan və itkin düşən Daşkəndlilər ilə bağlı ətraflı araşdırmamız oldu. Məlum oldu ki, Aşıq Ziyad heç də 1917-ci ildə yox, 1911-ci ildə doğulubmuş [5; 6,s.645]. Biz 2008-ci ildə aşığın təvəllüdünü qohumlarının söyləmələrinə əsasən yazdığımızdan yanlışlığa yol vermişik [7,s.85].
Aşıq Abbasəli Nəzərov haqqında yuxarıda yazdıqlarımızdan əlavə olaraq bir neçə digər kitab və məqalələrdə də dastançı aşıq kimi məşhur olan Aşıq Hacı Bayramovun ilk ustadı kimi xatırlanır, 1945-ci ildə ona bir il ustadlıq etdiyi qeyd olunur [8,s.199; 9,s.143; 7,s.133]. Aşıq Abbasəli Nəzərovun haqqında bəzi məqalələrdə isə yalnız ad, soyadına rast gəlinir, Daşkənd kəndində belə bir aşığın da olduğu yazılır [10,s.119; 11,s.107].
Biz “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Abbasəli Xəlilovun həyatı haqqında bilgi verərkən onun ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslamın, həmçinin Daşkəndli Aşıq Abbasəli Nəzərovun da ustadı olduğunu yazmışdıq [7,s.67]. Adı çəkilən kitabı yazarkən Aşıq Abbasəli Nəzərovun doğmaları ilə əlaqə saxlaya bilmədik. Ona görə də onun haqqında kitabdakı digər aşıq və şairlər kimi daha geniş məlumat vermək mümkün olmadı. Hər iki Abbasəlinin ustadından söz düşmüşkən onu da vurğulayaq ki, biz “Filologiya məsələləri” elmi toplusunda belə bir cümlə də yazmışdıq: “Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır” [4,s.351]. Yuxarıdakı ifadəmizdə ilk dəfə olaraq Aşıq Abbasəli Nəzərovun doğum və vəfat tarixini səhih yazmış olmuşduq.
Yeri gəlmişkən, yuxarıda iki müxtəlif Aşıq Abbasəli adları çəkdik. Oxucularda çaşqınlıq yaranmasın deyə buna aydınlıq gətirmək yerinə düşərdi. Çünki bəzən onlar dəyişik salına, yaradıcılıqları bir-birinə qarışa bilər. Ona görə də bu sahənin tədqiqatçıları diqqətli olmalıdırlar. Məhz bu üzdən biz bu aşıqların adlarını çəkərkən mütləq soyadlarını da yazırıq. Daşkənd kəndində iki Aşıq Abbasəli olub. Boylarına görə biri uzun, digəri isə gödək idi. El-obada onları fərqləndirmək üçün çox vaxt Abbasəli Xəlilova “Uzun Abbasəli”, Abbasəli Nəzərova isə “Gödək Abbasəli” deyərdilər. Bu ənənə tarixən Göyçə kəndlərinin bir çoxunda eyni adlı insanları fərqləndirmək üçün bu və ya digər formada çox istifadə olunurdu. Hətta bu bədii ədəbiyyata, poeziyaya da sirayət etmişdir. Məsələn, İsrail Şairov Daşkənd sənətkarları haqqında yazdığı şeirdə də bu ənənəvi adlandırmadan istifadə etmişdir:
Abbasəlim uzun, gödək,
Aşıq Novruz sinədə tək. [7,s.277]
Aşıq Abbasəli Pirnəzərlilər (Pirnazarlılar) nəslində dünyaya gəlib. Pirnəzərlilər nəslinin ulu babalarının əslən Sulduz mahalından olduqları söylənilir. Bizə adı məlum olan Pirnəzərin Həsən (Hasan), Cəlil və Hüseyn adlı üç oğlu olub. Həsənin övladları: Abbas, Alı, Mirsəqulu, Hüseynqulu, Rzaqulu, Çəmən; Cəlilin övladları: Elbəyi, Səmər, Mehbalı, Xıdır; Hüseynin isə övladları Elyaz, Yəmən və Abbasəli (bu yazıda haqqında danışacağımız aşıq) olublar.
Nəzərov Abbasəli Hüseyn oğlu 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndində doğulmuşdur [12; 13; 14]. Aşıq Abbasəli Nəzərov ana tərəfdən Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir. Belə ki, onun anası Zinyət Məmmədhüseynin böyük oğlu Kərbəlayi Məhəmmədin qızıdır [15,s.19].
Aşıq Abbasəli 1939-cu ildə Basarkeçər Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır [12]. Xidmətini başa vurub qayıtdıqdan bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və 1941-ci ilin sonlarında Basarkeçər RHK-ğı tərəfindən orduya səfərbər olunur. SSRİ Müdafiə Nazirliyinin arxivlərində saxlanılan və hal-hazırda “obd-memorial.ru” saytında paylaşılan sənədlərdən aydın olur ki, Abbasəli Nəzərovun xidmət etdiyi 30-cu İrkutski atıcı diviziyanın 35-ci atıcı alayı 1941-ci il dekabr ayının 5-də Alman qoşunları tərəfindən bütünlüklə əsir götürülmüşdür [13; 14]. Bir neçə aylıq əsirlikdən sonra ya azad olunmuş, ya da əsirlikdən qaçaraq azad ola bilmişdir. Bundan sonra 15 mart 1942-ci ildən döyüşlərdə tağım komandiri kimi xidmət etmişdir. O, əsasən Moldaviyada, Rostov-na-Donuda döyüşlərdə iştirak edir. 15 noyabr 1942-ci ildə döyüş zamanı yaralanır. Müalicə olunduqdan sonra – 1942-ci ilin dekabrında ordudan tərxis olunur [16]. Müharibədən qayıtdıqdan sonra Daşkənd kənd orta məktəbində hərbi müəllim işləmişdir. Qeyd edək ki, Azad Ozan Kərimli də Aşıq Hacı Bayramovun söylədiklərinə əsasən Aşıq Abbasəli Nəzərovun əsirlikdə olduğunu, 1945-ci ildə qayıdıb gəldiyini qeyd etmişdi [3]. Bizim gəldiyimiz nəticəyə görə Abbasəli Nəzərov 1942-ci ilin dekabrında ordudan tərxis olunub. Azad Ozan Kərimli isə 1945-ci ildə əsirlikdən qayıtdığını yazır. Bu məsələ hələlik açıq qalır və qəti söz demək çətindir.
Abbasəli Nəzərov müharibədə iştirakına görə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi” yubiley medalı (09.05.1966), “İgidliyə görə” medalı (08.06.1967) [12], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi” yubiley medalı (25.03.1976), “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı (29.08.1978), II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.04.1985) [17], “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi” yubiley medalı (05.05.1985), “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı (19.05.1988) ilə təltif olunmuşdur [18].
Aşıq Abbasəli 1953-cü ilin may-iyun aylarında həmkəndliləri ilə birlikdə Basarkeçər rayonunun Daşkənd kəndindən Bərdə rayonuna deportasiya olunmuşdur. 1979-cu ilədək Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşadıqdan sonra ailəsi ilə birlikdə Naftalan şəhərinə köçməli olmuşdur. 5 iyun 1992-ci ildə Naftalan şəhərində vəfat etmiş və şəhər qəbiristanlığında dəfn olunmuşdur [18].
Aşıq Abbasəli Nəzərov Abutel Paşa qızı ilə ailə həyatı qurmuş, Fərzəli (Əhliman), İman, Səmədvurğun (Səməndər), Mehmandar, Kamandar, Ədalət adlı altı oğlu, Sarıtel, Tahirə və Rahilə adlı üç qızı olmuşdur.
Abbasəli uşaqlıqdan saza, musiqiyə, sözə maraq göstərmişdir. Doğulduğu ailənin hər iki tərəfi el sənətkarları olmuşlar. Əmisi Cəlilin oğlu Mehbalı dövrünün mahir qara zurna ifaçısı kimi məşhur sənətkarlardan olmuşdur. Onun da taleyi həmkəndlisi Aşıq Nəcəfinkinə bənzəmiş, xain erməni xislətinin qurbanı olmuşdur. Bu gün də Daşkəndlilərin dilində el misalına çevrilən “Ölsəm də, dü də demərəm” sözü Mehbalıdan qalıb. Belə ki, təxminən 1939-cu ildə Mehbalı şərə düşmüş, bir oğurluq hadisəsində günahlandırılaraq Kəvər türməsində saxlanılırmış. Türmənin rəisi bir gün Mehbalıya təklif edir ki, İrəvandan türməyə gələcək generalın qarşılanmasında zurna ifa etsin və bunun müqabilində azad olunsun. Mehbalı üzdə razı olsa da, fikrində onu aldadaraq qarşılanma məqamında nə qədər təkid etsələr də zurnanı ifa etməmiş və belə demişdir: “Gavır köpək oğlu türk oğlu sizi şənləndirməz. Ölsəm də, dü də demərəm”. Qeyd edək ki, Mehbalı elə bir mahir ifaçı imiş ki, dağın döşünə yayılıb otlayan qoyun-quzu onun ifasının səsinə yanına toplaşarmış. Sonralar Daşkənddə Məcid Şıxəliyev və Zamaxan Qəhrəmanov da belə bir istedadlı sənətkar olacaq, Mehbalının ifaçılıq məharətini təkrarlaya biləcəkdilər.
Əvvəldə də vurğulamışdıq ki, Aşıq Abbasəli Nəzərovun anası Zinyət XIX əsr Azərbaycan şairi Məmmədhüseynin nəvəsidir. İrsi olaraq istedadın Abbasəliyə ötürülməsi heç də təəccüblü deyil. Aşıq Abbasəli sənətə başladığı ilk illərdə balabançılıq da etmiş, Aşıq Səfiyarın əvvəlcə balabançısı olmuş, sonralar səsinin də yaxşı olduğundan aşıqlığa üstünlük vermişdir. O, sənət yoldaşlığı etdiyi həmkəndliləri Aşıq Ziyad, Aşıq Əli Şairov, Aşıq Abbasəli Xəlilov, Aşıq Səfiyar kimi nəhənglərlə ayaqlaşa bilmiş, bəzən onlardan da üstün olmuşdur. Aşıq Abbasəli Nəzərov Aşıq İslam Yarpızlı kimi ustad aşığa şəyirdlik etmişdir. Özü isə Aşıq Hacı Bayramovun ilk ustadı olmuş, sazın-sözün incəliklərini – belə demək mümkünsə, əlifbasını ona öyrətmişdir.
1953-cü ildəki məlum köçürülmədən sonra Aşıq Abbasəli Nəzərov aşıqlığını Bərdə rayonunun Yeni Daşkənd kəndində davam etdirmişdir. Bərdə rayon mədəniyyət evinin üzvü olmuş, respublika tədbirlərində fəal iştirak etmişdir. O 1961-ci il 27 apreldə keçirilən Azərbaycan Aşıqlarının III qurultayının iştirakçısı olmuşdur. Qurultay sonrası çəkilən və o illərdən xatirə kimi saxlanılan nadir fotoşəkili də Aşıq Abbasəlinin ailə albomundan əldə etmişik. 1970-ci illərdə Aşıq Abbasəlinin bacısı Yəmənin oğlu, balaban və qara zurna ifaçısı Əjdər Qədirov Yeni Daşkənd Mədəniyyət evinin direktoru idi. Bu mədəniyyət evinin üzvlərinin respublika tədbirlərində fəal iştirakına görə hətta Bərdə rayon Yeni Daşkənd Mədəniyyət evinin direktoru Qədirov Əjdər Papır oğluna 24 may 1978-ci ildə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir [19].
Sirr deyil ki, şair və aşıqlar dağlara, yaylaqlara daha çox bağlı insan olurlar. Hətta dağlıq ərazilərdə arana nisbətən söz sahibləri çoxluğu ilə həmişə seçilir. Aşıq Abbasəli Nəzərov da üç ay yayı Kəlbəcərin və Göyçənin füsunkar gözəllikləri ilə insanı valeh edən, dağların qoynunda yerləşən kəndlərində keçirmişdir. Göyçənin Sarı bulağı, Tərsə dağı, Hacı Qurban yaylağı, Kəlbəcərin Sarı yeri, İstisuyu, Zülfüqarlısı, Taxta yurdu onun saz sinəsində seyrangahı olardı. Belə günlərin birində – 1955-ci ildə Aşıq Abbasəli Nəzərov Kəlbəcərin İstisu kurortunda Səməd Vurğunla görüşür. Görüşdə Şair Məmmədhüseynin nəticəsi olduğunu Xalq şairinə bildirmiş, şirin söhbətlər etmiş, şeirləşmişlər. Həmin görüşdən təsirlənən aşıq “Xoş gəldin” və “Vurğuna” adlı şeirlər də yazmışdır [20,s.4]. Sonralar Aşıq Abbasəli bu görüş haqqında dönə-dönə söhbətlər edər, Səməd Vurğunla görüşündən qürur duyardı. Aşıq Abbasəlinin doqquz övladından dördünün adı tanınmış aşıq və şair adları (İman, Səmədvurğun, Kamandar, Ədalət) olması da onun aşıq sənətinə nə qədər bağlı olduğunun bariz nümunəsidir.
Aşıq Abbasəli Nəzərov mənim xatirimdə həm də bir nüansı ilə daha çox xatırlanır. Onun səliqə-sahmanlı geyimi, üzünün həmişə təraşlı olması, çəkmələrinin bərq vuran parıltısı çox diqqətçəkici idi. O, toylarda, el məclislərində aşıq geyimində olar, özündən əvvəlki aşıqlıq ənənələrini yaşadar, oturuşu- duruşu, ədəb-ərkanı ilə gənc sənətkarlara nümunə olardı.
Aşıq Abbasəli Nəzərov sonralar Naftalan şəhərinə köçərək orada yaşayırdı. Aşıq Göyçə, Kəlbəcər, Bərdə ədəbi mühiti ilə əlaqələri kəsmədən burada da bölgənin aşıq və şairləri ilə sıx təmasda olur, el-oba şənliklərində aktiv iştirak edirdi.
Aşıq Abbasəli Nəzərov ifaçı və yaradıcı aşıq olaraq Göyçədə tanındığı kimi, XX əsrin ikinci yarısında Bərdədə, Naftalanda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə daha çox tanındı. Şair və aşıqlarla sənət yoldaşlığı etdi. O, Şirvan aşıqlarından Şakir Hacıyev, Bəylər Qədirov, Göygöldən Aşıq Məhərrəm Hacıyev, Goranboyun Balakürd kəndindən balabançı Binnət, Səfikürd kəndindən balabançı Kərəm, Qızılhacılı kəndindən balabançı Cəmil, Aşıq Saleh (Göyçəli), Tapqaraqoyunlu kəndindən Bisavad Teymur, Tərtərin Qaradağlı kəndindən balabançı Şavağat, Kəbirli kəndindən Aşıq Qaçay, Kəlbəcərdən Aşıq Şəmşir, Qəmkeş Allahverdi, Aşıq Qardaşxan, Balabançı Salman, öz həmkəndlilərindən balabançılar Əjdər, Əli, aşıqlar Abbasəli Xəlilov, Novruz Şairov, Hacı Bayramov, Nuriddin İsgəndərov ilə tərəf müqabili oldu.
İfaçılığı zamanı repertuarında daha çox Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Həsən Xəyallı, İsmixan, Alqayıt, Sərraf Şiruyə, şair Səfər, Sücaət, Bəhman Vətənoğluna yer verər, onların şeirlərini oxuyar, “Baş sarıtel”, “Orta sarıtel”, “Ruhani” aşıq havalarını ifa edərdi. O həmçinin “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz” dastanlarından da ayrı-ayrı parçaları el şənliklərində xüsusi şövqlə ifa edərdi. Aşıq Abbasəli Nəzərov ifaçı olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Hələlik aşığın 10 şeirini əldə edə bilmişik. İnanırıq ki, onun hələ neçə-neçə şeir nümunələrini də əldə edib çapına nail olacağıq.
Aşıq Abbasəli Nəzərovun əmisi Hasan kişi haqqında da bu məqalədə bəzi məqamlara toxunmaq istərdik. Pirnazar oğlu Hasan toylarda, el şənliklərində məclisin şux keçməsi, maraqlı və baxımlı olması üçün oynamağı, toybəyiliyi və müəyyən şən hərəkətlər etməsi ilə də yaddaşlarda qalıb. Onun iştirakçısı olduğu toylar xüsusi folklor ənənələri (at yarışı, şax oynatmaq və s.) ilə seçilərmiş.
Aşıq Ələsgərin aşağıda verdiyimiz “Qoymadı” rədifli qoşmasının ikinci bəndində adı çəkilən Hasan məhz Aşıq Abbasəli Nəzərovun əmisi Pirnazar oğlu Hasandır.
...Yar çıxdı qarşıma yaman halımda,
Gözüm qaldı o bimürvət zalımda.
Söynalı başını qoydu yolumda,
Hüseyn pəl vurdu, Hasan qoymadı [21,s.19].
Şeir haqqında “Aşıq Ələsgər” kitabının “Qeydlər” bölümünün 6-cısında yazılır: “Şeirdə adı çəkilən Söynalı Aşığın şəyirdi, Hüseyn isə zurnaçı imiş. Hər ikisi Göyçənin Çaxırlı, Hasan isə Daşkənd kəndindən imiş.” [21,s.175]. Şeirdən və qeyddən də anlaşılır ki, Hasan kişi Aşıq Ələsgərin də aşığı olduğu toylarda, məclislərdə olub. Pirnazar oğlu Hasanın Aşıq Ələsgərlə aralarında olan bir əhvalata da aydınlıq gətirməyimiz labüd görünür. Belə ki, bu əhvalat bir çox hallarda yanlış söylənilir, dinləyicilər və oxucular arasında anlaşılmazlığa səbəb olur. Öncə Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanından mövzu ilə bağlı bir hissəyə də diqqət yetirək:
“Aşıq Ələsgər Daşkənd kəndində Hacı Kərimin oğlu Muxtarın toyuna aşıq çağırılmışdı. Şəyirdi Əsədlə üç gün, üç gecə çaldılar, oxudular. Toyun üçüncü gecəsi Aşıq Ələsgərə dövran yığmışdılar. Çoxları da aşığın dövranına toğlu, keçi, çəpiş yazılmışdı. Səhər aşıq gedəndə qabağına qatacaydılar” [22.s,351]. Dastanın müəllifi Nəcəfin məhz həmin toyda şəyirdliyə götürüldüyünü də təfsilatı ilə yazmışdır. Toyun üçüncü gününün səhərisi Aşıq Ələsgərin yola salınması dastan dilində belə nəql olunur:
“Bəli, əzizlərim, səhəriniz xeyirliyə açılsın, elə ki, səhər açıldı, Allahverdi kişi Nəcəfin pal-paltarını qoltuğuna verib, özüynən bərabər Hacı Kərimin qapısına gəldi. Hacı Kərim aşığın dövranına yığılan toğluların yanındaydı. Bir azdan Aşıq Ələsgər də, Əsəd də, qapıya çıxdılar. Allahverdi kişiyə, Nəcəfə sabahın xeyr dedilər. Bu arada, haradansa, Pirnazaroğlu Hasan da gəlib çıxdı.
Baxdı kı, aşığın dövranına çəpiş verən də var. Dedi, – Aşıq Ələsgər, ayıb olar Daşkənddən Ağkilsəyə çəpiş aparasan. Çəpiş mənə qalsın, sənə bir toğlu verim. Aşıq Ələsgər, “sağ ol” deyib, razılığını bildirdi. Hasan kişi getdi, bir azdan atın qucağında toğlunu gətirib aşığın toğlularına qatdı. Aşıq Ələsgər camaatla görüşüb, heyvanları da Əsədlə Nəcəfin qabağına qatıb yola düşdü. Yol boyu on toğlu bir yana oldu, Hasan verən toğlu bir yana, nə heyvanlara yaxınlaşdı, nə yolnan düz getdi, ağzı hara düşürdü qaçırdı. …Səhər Əsədlə Nəcəf oyandılar ki, Ələsgər kişi heyvanı sürüyə qatır, amma Hasan verən toğlu getmir. Ora-bura qaçır. Çox çalışdılar, mümkün olmadı, naəlac qalan Aşıq Ələsgər toğlunu gətirib hörüklədi. Bu minval ilə bir həftə gəldi keçdi, ancaq ki, toğlu hörükdə qaldı Ələsgər kişi istədi toğlunu geri qaytarsın, fikirləşdi ki, düzgün çıxmaz. Nəcəfi çağırdı:
– A Nəcəf, hazırlaş, get bir evinizə baş çək, gəl. Pirnazar oğlu Hasana da bir tapşırığım var, onu da çatdır. Nəcəflə Əsəd işi başa düşdülər. Nəcəf dedi, Ələsgər əmi, hazıram, nahar eləmişəm. …Aşıq Ələsgər Hasana deyəcək tapşırığı Nəcəfə dedi. Görək necə dedi. Biz deyək, eşidənlər xoşbəxt olsun.
Bizdən salam olsun, ay Hasan qardaş,
Əzəl başdan səhv eylədin bu işi.
Toğlun dəli çıxıb, getmir qoyuna,
Göndər gəlsin bizim ala çəpişi…” [22,s.352-353]
Pirnazar oğlu Hasanla bağlı olan bu əhvalata Abbas Vəfadağlı da “Ulu Göyçəm” adlı kitabında yer vermişdir. Böyük Qaraqoyunlu kənd sakini Rzayev Məşədi Mürsəl Əhməd oğlunun söhbəti əsasında müəllifin qələmə aldığı “Aşıq Nəcəflə Aşıq Əsədin Şəmşəddin səfəri” adlı yazısında oxuyuruq. O yazır:
“Günlərin bir günü kəndə səs yayılır ki, bəs deməzsənmi, Aşıq Nəcəfın oğlunun sünnət toyudur. Bozalqanlı Aşıq Hüseyn başının dəstəsi ilə gəlir kəndə, atları birbaşa sürürlər Aşıq Ələsgərin həyətinə.” [23,s.279]. Abbas Vəfadağlı dastan-əhvalat janrlı yazısında Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin görüşünü, söhbətlərini, bir-birilərinə şeir demələrini də qeyd etdikdən sonra davam edir:
“Sünnət toyu yaylaqda, Tərsə dağında keçirilir. Bu yaylaqda olan on səkkiz çoban sürülərini vururlar çəpərlərə. İtləri açırlar, özləri də gəlirlər məclisə. Ancaq, qonaq-qara o qədər çox olur ki, çobanlara yer çatmır. Aşıq Nəcəf irəli durur, əyləşənlər arasında olan qohumlarına xahiş eləyir ki, durub çobanlara yer eləsinlər. Çobanlar əyləşirlər və nəmər olaraq, Allah qoysa, oğlaqqıranda on səkkiz toğlu gətirəcəklərini bildirirlər.
Aşıq Nəcəf deyir ki, a kişi, heç nə lazım deyil, keçin əyləşin, ürəyiniz istədiyi kimi yeyin-için. Bu toy dağların toyudu, dağların da yiyəsi, xeyir-bərəkəti, varı-dövləti sizsiniz.
Deyilənlərə görə, yaylaqda gözəl bir sünnət toyu baş tutur. Kirvə isə aşıq Hüseynin qohumu Bozalqanlı Ələs olur.” [23,s.281]. Müəllif dastan-əhvalatda 1919-cu ildə Göyçədə baş verən hadisələri, Səməd ağanın və Aşıq Nəcəfin faciəli ölümlərini də yazdıqdan sonra sonluğu belə bitirir:
“İlqar-iman, çobanlar, həqiqətən də oğlaqqıranda toğluları yığırlar. Daşkəndli Şahnəzər kişi deyir ki, mənim nəmərliyə layiq toğlum yoxdu, mən çəpiş verəcəm. Çobanlar razılaşmırlar ki, söz danışıqdan keçər, biz toğlu söz vermişik. Şahnəzər də gətirib toğlu verir. Amma, iş elə gətirir ki, toğlu dəli çıxır. Aşıq Ələsgər zarafat eləmək üçün götürüb çobanlara belə bir ismarıc göndərir:
Başına döndüyüm, Şahnəzər qardaş,
Əzəldən pis qurdun, vallah, bu işi.
Toğlun dəli olub sürüyə getmir,
Göndər gəlsin bizim ala çəpişi.” [23,s.282]
Əvvəla onu bildirim ki, Daşkənddə Pirnazar oğlu Hasan başqa, Şahnazar oğlu Hasan isə başqa bir şəxsdi. Başqa-başqa nəsillərdəndilər. Sadəcə adları eyni, ata adlarında isə oxşarlıq var. Abbas Vəfadağlı Pirnazarla Şahnazarı səhv salır. Müəllif şeiri də Şahnəzərə (!) müraciətlə verir. Halbuki, şeir Pirnazarın oğlu Hasana yazılıb. İkincisi isə Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin söylənilən tərzdə görüşü də mübahisə obyektidi. Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn məlum sünnət məclisində görüşərkən toyda ağsaqqal kimi iştirak ediblər, aşıq kimi yox. Toyun aşığı da Aşıq Əsədlə Aşıq Qurban olub. Hətta həmin görüşə Bozalqanlı Aşıq Hüseyn bir neçə nəfərlə, özü də sazsız gəliblərmiş. Bu barədə Aşıq Talıbın xatirələrindən də ətraflı məlumatlanlamaq olar [24,s.523]. Üçüncüsü də çəpiş əhvalatı olanda Nəcəf hələ şəyirdliyə götürülürdü, heç evlənməmişdi. Digər bir məsələ də odur ki, Aşıq Nəcəfin oğlunun sünnət toyuna verilən nəmərlik toğluya və ya keçiyə Aşıq Ələsgər niyə şeir yazmalıydı ki? Əhvalatlar yazılarkən təəssüf ki, dəqiqləşdirmə aparılmamışdır. Ona görə də ciddi qüsurların olduğu göz önündədir. Məhz bu səpkili yanlış məlumatlar haqlı olaraq oxucular və tədqiqatçılar arasında çaşqınlığa səbəb olur. Hətta onu da qeyd edim ki, “Şahnazarlılar tayfasından Şahnazar oğlu Hasan kişi 17 il kəndin (Daşkəndin – A.Y.) koxası olmuşdur” [11,s.103]. Elə bu səbəbdən də onun bu əhvalatın iştirakçısı olması inandırıcı görünmür. Daha doğru olanı əvvəldə verdiyimiz Sərraf Şiruyənin “Aşıq Nəcəf və Gülüstan” dastanındakı variantdır.
İstifadə edilmiş ədəbiyyat:
1.Elxan Məmmədli, “Göyçə aşıq sənətinin əvəzsiz tədqiqatçısı” // Aşıq Talıb, “Könlüm Vətən arzular”, Bakı, “Elm və təhsil”, 2013.
2.Ziyəddin Məhərrəmov, “XX əsr Göyçə aşıq mühiti (1920-1950-ci illər)” (namizədlik dissertasiyası), AREA Ədəbiyyat İnstitutu, Bakı, 1997.
3.Azad Ozan Kərimli, “Göyçə aşıq məktəbi” (məqalələr silsiləsi). // http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=144
4.Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”, “Filologiya məsələləri” elmi toplusu, №2, 2011.
5.Мамедов Зият Мадрович // https://obd-memorial.ru/html/info.htm?id=85431906
6.Azərbaycan Respublikası Xatirə Kitabı, XI cild, M (Mu...-N). RXKR, Bakı, 2011.
7.Araz Yaquboğlu, “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008.
8.Tərlan Göyçəli, “Göyçə aşıq məktəbi”, Bakı, “Göytürk”, 1998.
9.Məhərrəm Bədəlov, “Aşıq Hacı oxuyanda...”, Aşıq Hacı Göyçəli, “Mənim sazlı, sözlü dünyam”, Bakı, “Zərdabi LTD” MMC, 2008.
10.Xasay Zeynalov, “Göyçəsiz günlərim”, Bakı, “Nurlan”, 2006.
11.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, “Başı dumanlı Göyçə”, Bakı, “E.L.”, 2007.
12.Назаров Аббосали Гусейн-оглы // https://pamyat-naroda.ru/heroes/podvig-nagrada_kartoteka1273960005/
13.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=50232141
14.Назаров Апас-Али Кусинович // https://obd-memorial.ru/html/info.htm?id=63684932
15.Daşkəndli Şair Məmmədhüseyn, “Yatıb oyanmaz, oyanmaz...”, Bakı, “Nurlan”, 2005.
16.Goranboy RHK-nın 18.06.1991-ci il tarixli, 4/643 nömrəli arayışı
17.Назаров Аббасали Рустам-оглы (mənbədə ata adı səhv yazılıb) // https://pamyat-naroda.ru/heroes/podvig-chelovek_yubileinaya_kartoteka1512702006/
18.Araz Yaquboğlu. “Daşkənd kəndinin İkinci Dünya Müharibəsi Veteranları”, “goyce.az” saytı, 09.05.2021. // http://goyce.az/news.php?id=1739
19.Respublikanın mədəniyyət və maarif idarələri işçilərinə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adı verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24.05.1978-ci il tarixli fərmanı // http://www.anl.az/down/he_serencamlar.pdf
20.“Səməd Vurğunla Aşıq Abbasəlinin deyişməsi”, “Naftalan” qəzeti, 19 may 2014.
21.Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər. (tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgərov), Bakı, “Yazıçı”, 1988.
22.Şiruyə Həsənoğlu. “Ağlama, bülbül, ağlama”, “Gəncə” nəşriyyatı, 1994.
23.Abbas Vəfadağlı. “Ulu Göyçəm”, Bakı, “Renessans”, 2017.
24.İslam Ələsgər. “Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseyn haqqında rəvayət” və mənim başıma gələn hekayət. // Aşıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. (toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi: İslam Ələsgər), Bakı, “Şərq-Qərb”, 1999.