Aşıq Həsənalı ilə Gülənbərin deyişməsi

Aşıq Həsənalı ilə Gülənbərin deyişməsi
Müəllif: Aşıq Həsənalı
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Aşıq Həsənalı:
Başına döndüyüm gözəl Gülənbər,
Vuruldum hüsnünə sən tək ceyranın.
Eşitmişəm gözəlisən cahanın,
Əsirgəmə mən tək yardan dərmanın.

Gülənbər:
Haradan aradın, haradan buldun?
Nədən bildin gözəliyəm cahanın?
Məni gördün, sən ki, oldun dərd əhli,
Ya dərdin məndədir, ya da dərmanın.

Gülənbər:
Dulusluydum, indi Darabaslıyam,
Qəlbi qan ağlayan qəm libaslıyam,
Gözü yol gözləyən, qəlbi yaslıyam,
Əzəldən beylədi dövrü cahanın.

Sən bizi arayıb axtarsan əgər,
Darabasda yoldan kənar bir qədər,
Məhəmməd qızıyam, adım Gülənbər,
Alsan yarı ollam sən tək oğlanın.