Aşıq Hacı da köçdü...
Aşıq Hacı da köçdü... (2011) Müəllif: Araz Yaquboğlu |
Mənbə: "Ozan dünyası" jurnalı, №2(5), 2011. səh.55-59. |
Sazlı-sözlü adamlar el-oba arasında həmişə ucada tutulub, hörmətli başbilən sayılıblar. Belə adlı-sanlı, könülləri fəth eyləyən ustad aşıqlardan biri də Aşıq Hacı Göyçəlidir.
Bayramov Hacı Abbas oğlu 22 iyun 1931-ci ildə Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan olub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacını atası (o, sazın-sözün vurğunu idi) Qərib Abbas 1945-ci ildə həmkəndlisi Aşıq Abbasəli Nəzərova şəyird vermiş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanına şəyirdliyə göndərmişdir. Aşıq Hacıda olan fitri istedadı nəzərə alan qüdrətli sənətkar Qanlılı Aşıq Mehdi 1947–1950-ci illərdə ona ustadlıq etmişdir. Aşıq Hacı ustad aşıq kimi bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Balakişi (Qanlı kəndi), Aşıq Səlim (Qaraqoyunlu kəndi), Aşıq İslam (Aşağı Şorca kəndi) Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişlər. Aşıq İslam düz on il (1968-ci ildən 1978-ci ilədək) ondan sənətin incəliklərini öyrənmişdir. Bundan sonra Aşıq Hacı 1978-ci ildən başlayaraq öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüş və onunla neçə-neçə ağır məclislər yola salmışdır. Həmin vaxtlarda Aşıq Hacı Aşıq Nuriddin cütlüyü nəinki Göyçədə, eləcə də Qarabağda, Borçalıda, Gəncə-Qazax bölgələrində də kifayət qədər məşhurlaşmış və bu yerlərdə də el məclislərinə dəvət olunmuşdular.
1981-ci ildə Aşıq Hacı Aşıq Nuriddinlə birlikdə dövlət televiziyasında "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüseyn" dastanını söyləmişlər və hər iki dastanın lent yazısı televiziyanın "Qızıl fond"una daxil edilmişdir.
Aşıq Hacı 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayına nümayəndə seçilmiş və qurultayda fəal iştirak etmişdir. Ustad aşıq 1991-ci ildə Almaniyaya qastrol səfərinə getmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsi olduğunu göstərmiş, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.
1996-cı ildə Xalq şairi Səməd Vurğunun anadan olnasının 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə fəal iştirakına görə Aşıq Hacı "Şah İsmayıl Xətai" adına fəxri fərmanla təltif olub.
24–30-u oktyabr 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən Ümumtürk aşıqlar müsabiqəsində Aşıq Hacı, Aşıq Mahmud, Gülarə Azaflı və balabançı Əkbər Həsənovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak etmiş və 27 oktyabrda hər iki ustad (Aşıq Hacı, Aşıq Mahmud) qızıl medala layiq görülmüşlər.
Aşıq Hacı Göyçəli 2002-ci ildə "Koroğlu dastanı" əsasında çəkilən "Koroğlu" filmində aparıcı aşıq rolunda çəkilmişdir.
1988-ci ildə erməni təcavüzünə məruz qalan azərbaycanlılar Qərbi Azərbaycandan, eləcədə Göyçədən vəhşicəsinə sıxışdırılıb çıxarıldığı vaxt Aşıq Hacı da ailəsi ilə birlikdə Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır. O, burada da sənətini davam etdirmiş, dəfələrlə televiziya və radioda çıxışlar etmişdir. Aşıq Hacı ifaçılıqla bərabər, həm də yaradıcı aşıqdır, bədii yaradıcılıqla məşğul olmuşdur. Onun yaradıcılığını əsasən iki hissəyə ayırmaq olar. Bunlardan birinisi Göyçədə yazılan gözəlləmələr, təbiət qoşquları və ustadnamələrdirsə, ikincisi isə məlum hadisələrdən sonrakı vətən həsrəti, yurd nisgilli şeirlərdir.
Özünə məxsus danışığı, zənguləli səsi ilə klassik aşıq dastanlarımızı dinləyicilərinə daha çox sevdirə bilmiş, dastançı aşıq kimi ürəkləri fəth etmişdir. "Azərbaycan folklor antologiyası" seriyasından olan Göyçə folkloru kitabı çapa hazırlanarkən (III kitab) "Miskin Abdal və Sənubər", "Aşıq Alının Türkiyə səfəri" dastanları və "Keyti" əfsanəsi Aşıq Hacıdan toplanıb yazıya alınmışdır.
Aşıq Hacı Göyçəlinin həyatı və yaradıcılığı haqqında yazarlarımız mütəmadi olaraq publisitik məqalələrlə, şeirlərlə dövrü mətbuatda çıxışlar etmişlər. Ustad aşığın 2008-ci ildə "Mənim sazlı, sözlü dünyam" adlı ilk kitabı işıq üzü görmüşdür. Kitabda 37 qoşma, 17 gəraylı, 4 divani, 4 müxəmməs olmaqla 62 şeir, 10 bayatı, 4 qaravəlli və 1 dastan çap olunmuşdur. Kitabda Aşıq Hacıya həsr olunmuş məqalələr və şeirlər də diqqəti cəlb edir.
Azərbayan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Hacı 80 yaşının tamamına düz bir ay qalmış, 22 may 2011-ci ildə vəfat etdi. Böyük sənətkar Şəmkir rayonunun Çənlibel kəndində dəfn olundu.
Bəli, Aşıq Hacı da köçdü. Onun sazlı-sözlü dünyası ürəklərdə yurd saldı.