Aşıq Nəsiblə Aşıq Ələsgərin deyişməsi (1)

Aşıq Nəsiblə Aşıq Ələsgərin deyişməsi (1)
Müəllif: Aşıq Nəsib, Aşıq Ələsgər

Kor Nəsib:
Bir aşıq gəlibdir Güllübulağa,
Xoşa gəlmir nə avazı, nə səsi.
Hayıf ki, görmürəm toy-büsatını,
Deyirlər, seyiddi, ağır nəfəsi.

Aşıq Ələsgər:
Fəhmi kora verib, zehni üstəlik,
Xaliqin zəlilə budur müjdəsi.
Mərd mərdi öldürsə intizar qalmaz,
Kişiyə dəyməsin namərd gülləsi
 
Kor Nəsib:
Nə saz çala bilir, nə də oxuya,
Yun tök qabağına kilim toxuya.
Qonaq edin pendir, çörək, yuxaya,
Dolsun dağarcığı, həm də kisəsi.
 
Aşıq Ələsgər:
Toxunmaram sənin kimi zəlilə,
Hədələmə məni xalqın əliylə.
Bir qulaq as, nəsihətə, dəlilə,
Eşidənin səndən gəlsin həvəsi .
 
Kor Nəsib:
Nəsib çox aşıqnan açıb meydanı,
Başına dar edib, bu gen dünyanı
Müsafirdi yığın, ona dövarnı
Deyirlər çoxdur nəticəsi, nəvəsi

Aşıq Ələsgər:
Ələsgər hər yanı, gəzib, dolaşar
Müxənnət görəndə xəyalı çaşar
Pay yığmaqda, Kor Nəsibə yaraşar
Çünki, yoxdur gözlərinin giləsi.