Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (1)
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (1) Müəllif: Aşıq Nəsib, Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Aşıq Nəsib:
Pul, var-dövlət olan kasıba gəlməz,
Əliqabarlıdan uzaq dolanar.
Bəxt tapar axmağı, ya da sarsağı,
Mərdin də başına sazaq dolanar.
Aşıq Heydər:
Gətirməz dünyada kəsıbın işi,
Nə olsun hər yanda uzaq dolanar.
Qurumaz hər zaman gözünün yaşı,
Yediyi qarınla pazax, dolanar.
Aşıq Nəsib:
Göyçək gərək verə pislə baş-başa
Yanıb tökülənlər edə tamaşa.
Kişinin hər işi ilişir daşa,
Xoş gün ona olar yasaq, dolanar!
Aşıq Heydər:
Fələyin qanunu yazılıb belə,
Çirkin-pis tuş olar türfə gözələ.
Fağırın könlünü kim alar ələ,
Demək-gülmək ona yasaq, dolanar.
Aşıq Nəsib:
Qəribə işləri çox gördüm Nəsib,
Fələk çoxlarının nəfəsin kəsib.
Vaxt var boran olub, betər bad əsib,
Kimi dərd içində naçaq dolanar.
Aşıq Heydər:
Dünya görən bilir avandı-tərsi
Kənd-kənd dolanmışam Çıldırı-Qarsı.
Pirim pünhan yerdə veribdi dərsi,
Demə Aşıq Heydər qoçaq dolanar.