Aşıq Süleymanla aşıq Valehin deyişməsi

Aşıq Süleymanla aşıq Valehin deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Süleyman
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Naxçıvanlı aşıq Süleyman iki nəfər şagirdi ilə, usta Səməd və Aşıq Valehlə deyişmək üçün Abdal-Gülablıya gəlirlər.
Abdal kəndində zurna çalan Aşıq Bədələ qonaq olurlar, axşam el-camaət toplanır Aşıq Bədəlin damına. Aşıq Süleyman ayağa qalxır, şagirdləri ilə, gecədən keçincə çalıb-çağırırlar. Bir nəfər Aşıq Süleymana dövran yığmaq istəyirkən, Aşıq Süleyman deyir: – Cəmaət mən bura dövran yığmaq üçün gəlməmişəm. Eşitdiyimə görə bu kəndə Ustad Səməd və Aşıq Valeh var. Mən gəlmişəm onlar ilə meydan açam, deyişəm. Mümkündürsə, məni bu arzuma çatdırın. Aşıq Bədəl deyir: Aşıq Süleyman səni arzuna çatdırmaq müşkül işdir. Ona görə ki, Aşıq Valeh yaylağa toya gedib, Usta Səməd isə xəstədir.
Süleyman deyir: – Eybi yoxdur, o qədər gözləyəcəm ki, Aşıq Valeh yaylaqdan gəlsin, Usta Səməd xəstəlikdən yaxşı olsun. Süleymanın bu təklifi adamlara pis təsir edir, elə gecəynən bu xəbər hər iki kəndə yayılır.
Usta Səmədin oğlu Cəfər də həmin məclisdə olur. Əhvalatı olduğu kimi atasına çatdırır, Usta Səməd oğluna deyir: – Get Bədələ deynən, Aşıq Süleymanı da götürsün, bizə gəlsin, Cəfər atasının təklifini Aşıq Bədəl ilə Aşıq Süleymana çatdırır. Süleyman deyir: – Get atana de ki, mən bura xəstə yoxlamağa gəlməmişəm, gələ bilirsə, o dursun bura gəlsin. Süleymanın bu hərəkəti Aşıq Səmədə pis təsir edir.
Gecəynən bu əhvalatı çatdırırlar Zərnigara, həmin saat Zərnigar Aşıq Səmədə bu məzmunda bir namə göndərir.

Zərnigar

Kəlamı mənalı, zəkalı ustad,
Sən rüsxət ver, o nadana toxunum!
Yeddi yerdən sərin salım kəməndə;
Yolun azmış qəlbi- qana toxunum.

Nə rəvadır xənnas gələ minaya.
Fəryad edə Həcər düşə bəlaya.
Bir yol açım ərşə görsə səmaya.
Möcüzatta bir məkana toxunum.

Dəyişməzdi Zərnigarın ilqarı,
Alovlara çatıb neçə yonqarı,
Əynimə geyinim zireh paltarı,
Naxçıvanlı Süleymana toxunum.

Ustad Səməd naməni oxuyanda ağlayır. Oğlu Cəfərə deyir: – Tez atımı yəhərlə, get Qarabağ yaylağına, Mırtılı Hacı Cəfərin obasını tap, Valeh orda olacaq, olmasa da harda olduğunu Hacı biləcək. Bu əhvalatı çatdır Valehə. Denən ki, tez gəlsin, əlavə edir ki, kağız-qələm al, dediyim sözləri yaz. Görək Səməd nə deyir:
Səməd

Qəhri -qəza məni yaman xar etdi,
Yet haraya Valeh, yaman haldayam.
Ömrüm bağın boran etdi, qar etdi,
Yet haraya Valeh, yaman haldayam.

Ustad tək dillərdə əzbər idim mən,
Hər xilqər hesablı bir sər idim mən,
Qatar qabağında bir nər idim mən,
Köç qayıdıb geri, indi daldayam.

Naxçıvanlı sərsəm aşıq Süleyman
Gəlib, bizim ilə açmağa meydan.
Görməmişəm hələ mən belə dövran.
Fikrim dağılıbdı qeyri -qaldayam.

Səmədi xəstəlik salıbdı haldan,
Bol edib payını bu ahu-zardan.
Xəyalı düşgünü gəl qurtar dardan,
Yatıbdır talehim, bu əhvaldayam.

Söz tamama yetdi. Əlavə, Səməd belə bir bayatı çağırıdı, oğlu Cəfəri damın üstünə çıxardır.

Bir quşudum uçdum, gəl.
Öz yuvamdan köçdüm gəl.
De hardasan ay, Valeh?
Yaman günə düşdüm, gəl.
 
Söz tamama yetən kimi, Ustad Səmədin qulağına yaxından bir səs gəldi:

Əziziyəm, bildim hey,
Dərd əlindən güldüm hey.
Qəm eyləmə, can ustad,
Mən burdayam, gəldim hey.

Bir anda Aşıq Valeh qapıdan girdi, Səmədi qucaqladı, dedi: – Ustad, mən erkən Şuşaya çatmışdım, Allahqulu xahiş etdi ki, gecəni onlarda qalım, onlar üçün çalıb-çağıram. Qaldım çağırdım, qurtaranda dedilər ki, bəs, Naxçıvanlı Aşıq Süleyman siznən deyişmək üçün sizin kəndə getdilər. O dəqiqə atı mindim, çıxdım yola, İndi gəldim, çatdım.
Səməd dedi: – Valeh aşıq, Süleymanın başına bir çatı bağla çəkə-çəkə mənim hüzuruma gətir. Valeh dedi: – Arxayın ol, İnşallah dediyin kimi olacaq.
Səmədnən Valehin bayatıları yatanları yuxudan oyatdı. Elə ki, açıldı səhər mərəkə düzəldi. Aşıq Süleyman və Aşıq Valeh sazları əlində gəldilər, girdilər deyiş meydanına. Görək nə deyirlər:
Aşıq Süleyman

Ulu Naxçıvandan düşmüşəm yola,
Qarabağa qar üstünə gəlmişəm.
Dedilər, Qarabağ Şahin yurdudur,
İndi bildim, sar üstünə gəlmişəm.

Aşıq Valeh

Yaşlı quzğun, düz yolunu azmısan,
Özün şir xor nər üstünə gəlmisən.
Hərbə -zorba gəlmə, hünərdə kəmsən.
Qorxu bilməz ər üstünə gəlmisən.

Aşıq Süleyman

Qorxudan ustadın olubdu xəstə,
Cəsarəti yoxdu söz ala dəstə.
Yorğan altda deyir qəmli şikəstə,
Qəlbi ağlar zar üstünə gəlmişəm.


Aşıq Valeh

Ustadım kamildi, elmi dərindi,
Kamalı dəryadı, elmi dərindi.
Kəmənddə boğulan sənin sərindi,
Hazır ovsan, şir üstünə gəlmisən!

Aşıq Süleyman

Süleymana gəl hədyan söyləmə,
Fəryad edib, bağrın başın teyləmə.
Qürrələnib, bığlarını piyləmə,
Bir zülmətəm, kor ütsünə gəlmişəm.

Aşıq Valeh

Aşıq Valeh bir səyyahdır xilqətə,
Bələdçidir hər keçid, hər xislətə.
Tövbə eylə, qol bağla gəl minnətə,
Kəramətli pir üstünə gəlmisən.

Aşıq Süleyman

Mən gəlmişəm Qarabağdan bac alam,
Köpüklü çay kimi coşaram indi.
Aslan meydanında quzu mələyir,
Bu işə mat qalıb, çaşaram indi.

Aşıq Valeh

Çaylar udan dərya kimi dolmuşam,
Təlatüm eyləyib, daşaram indi.
Tumarlayıb, əl ataram guşinə,
Tutub kəl yerinə qoşaram indi.

Aşıq Süleyman

Məşhuram hər yerdə əsli-zatım var,
Hamı dostdur, nə düşmən, nə yadım var,
Bir ustadam, bu sənətdə adım var,
Söz duyan qəlblərdə yaşaram indi.

Aşıq Valeh

Geniş dünya bu gün sənə dar olar,
Qulaq batar, görən gözün kor olar,
Şənlik qaçar, qəlbin ahu -zar olar,
Tatarı qatara qoşaram indi.

Aşıq Süleyman

Aşıq Süleymanam, tanı, bil məni,
Tükənməz dərdlərə salaram səni.
Tökərəm yurduna dumanı, çəni,
Yel olub, dağlardan aşaram indi.
 
Aşıq Valeh

Aşıq Valeh zərbə vurar, belindən,
Nitqin batar, kəlmə çıxmaz dilindən,
Ağlın itər, sazın gedər əlindən,
Səni bu sənətdən boşaram indi.

Sözlər tamama yetdi, aldı Süleyman dübarə:
Aşıq Süleyman

Cavan oğlan, çox hədiyan danışma,
Hər sözü sanballı bir ustadam mən.
Sənət meydanında hay-haray salıb,
Aşıqlar ovlayan bir səyyadam mən.

Aşıq Valeh

Mehriban dostuyam, kalam əhlinin,
Çaşqın nadanlara tamam yadam mən.
Xilqəti duyanlar can sirdaşımdı,
Azğınlar qəlbində bir fəryadam mən.

Aşıq Süleyman

Adı mahallarda dolansan yek, sər,
Çətindi tapıla mənə barabər.
Fikiri -dəryayam, sözləri gövhər,
Cahan tarixində məşhur adam, mən.
 
Aşıq Valeh

Aqil demək olmaz, hər ağlı səyə,
Açıq başın tab eyləməz dəynəyə.
Qanadın alışar, çıxma yüksəyə,
Buludlar oynadan dolu badam, mən.

Aşıq Süleyman

Aşıq Süleymanam hesabi -həfdə,
Əlsə aləmində olmuşam səfdə,
Dərsimi almışam əsabi-kəfdə,
Arzular duyğulu, qəlbi şadam mən.

Aşıq Valeh

Mən Aşıq Valehəm, hesabı pəncəm,
Əl çatmaz zirvəyəm, görünməz küncəm,
Zənn etmə savadsız, hünərsiz gəncəm,
Dara düşənlərə bir imdadam mən.

Aşıq Süleyman ha özünü bərkitdi, söz deyə bilmədi. Aldı aşıq Valeh görək nə dedi:

Aşıq Valeh

Coşqun aşıq bəxtin onda yatıb ki,
Meyil edib, bu güzara gəlmisən.
Bədnam olmaq sənə haqdan yazılıb,
Saz götürüb, bu diyara gəlmisən.

Aşıq Süleyman

Əvvəldən hər işi ölçüb, biçmişəm,
Çox yaxşı bilirəm, hara gəlmişəm.
Adlı ustadları zay etmək üçün,
Saz götürüb, bu diyara gəlmişəm.
 
Aşıq Valeh

Kamallı ustadlar elmin -məkandı,
Ərşə cərəyan verən hansı təkandı?
Mərifət satılan hansı dükandı?
Hansı varla, bu bazara gəlmisən?

Aşıq Süleyman

Kim öyrənsə bütün elmi- fəndini,
Aça bilər bu düymələr bəndini.
Mahirsən, atmağa söz kəməndini,
Olacağa yoxdur çara, gəlmişəm.

Aşıq Valeh

Valeh söz açmamış gizli qəfəsdən,
Zavallı tufandan, odlu nəfəsdən,
Zorlu aşıq nə tez düşdün həvəsdən,
Sən düşmüsən pis azara, gəlmisən.

Aşıq Süleyman

Süleymanam, İraqdadır mahalım,
Qəriblik əl verdi, dəyişdi halım,
Pozuldu növrağım, çaşdı xiyalım,
Şadlıq keçib, ahı- zara gəlmişəm.

Sözlər tamama yetdi, aldı Valeh dübarə, görək nə deyir:

 Aşıq Valeh

Sənət meydanında ismi -xar olan,
Bir əlif de, onda cahan var olsun.
Yeddi kəlmə düzəlt səkkiz içində,
Tufan olsun, bahar olsun, qar olsun!

Söz cavabsız qaldı, Aşıq Valeh, aldı dübarə:
 
Bir hesab tap, çahar şeştə yazılsın,
Təzələnsin, köhnə tarix pozulsun,
 Hər birində yeddi məna yozulsun,
 Hökm olunsun, divan olsun, dar olsun!

Aşıq Valeh, bu hesaba cəm bilir,
Suda atəş, nar içində nəm bilir,
Anlamazdı, hər kim desə kəm bilir,
Matəm tutsun, günü ahu -zar olsun.

Sözlər tamama yetdi, Aşıq Valeh Aşıq Süleymanı şagirdləri ilə birlikdə apardı, Ustad Səmədin yanına. Süleymanın şagirdləri cavan idilər. Səməd gördü ki, şagirdlər bərk qorxu keçirirlər, xeyli dinmədi, aldı görək ustad Səməd nə deyir:
Ustad Səməd

Bu qoca dünyada yox ömrə vəfa,
Görən olacaqdı nələr, dünyada?!
İnsan olan şirin-şirin danışar,
Heyvan olan gedər, mələr dünyada!

Üstündən el keçmiş dağlar görmüşəm,
Çapılmış, talanmış bağlar görmüşəm,
Mənəm deyənləri, ağlar görmüşəm,
Kimi ağlar, kimi gülər dünyada!

Yeddi yeyər, səkkiz çəkər, beş mələr,
Mənəm deyənlərin yurdu heç mələr.
Qaynar bulaq axan çaylar, çeşmələr,
Necə olacaqdı, sular dünyada?

Səməd ki, var bir quruca cəsəddi,
Ölümkü var, o hamıya qismətdi.
Çarxı fələk, bəs bu necə mürvətdi?
Cavan oğlanlar da ölər dünyada.

Söz tamama yetdi, Səməd dedi: – Süleyman, səni bu şagirdlərinə bağışlayıram.
Aşıq Süleymanın sazını əlindən aldılar, soyulmuş tacir kimi yola saldılar.