Aşıq Sadıqla deyişmə (I)
Aşıq Sadıqla deyişmə (I) Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 194-196 |
Sadıq
Hikmət məclisində əyləşən alim,
Əvvəl, mana yamənhudan xəbər ver.
Ərşin sütununda, merac evində
Söz nə keçdi, goftü gudan xəbər ver.
İman
Bir ilahim Cəbrailə buyurdu,
Yamənhu - mən kiməm, tanı deməkdir.
Üç min kəlmə peyğəmbərə danışdı,
Gizlin, aşkar o sübhanı deməkdir.
Sadıq
O kim idi, yerə çaldı mayanı,
Su ikən bərkitdi səngü qayanı?
Be altında de noqdanı bəyanı,
Bərü bəhrü səngü sudan xəbər ver.
İman
Hikməti-xudadan maya vuruldu,
Be-bərkidi, haqq nizamı quruldu.
Və gün dedi, xak sudan duruldu,
Dağı, daşı, cismi, canı deməkdir.
Sadıq
O kim idi, zərnişanı oxudu?
Kim idi, peyğəmbərə kəfən toxudu?
Adəmdən irəli siğə yoxdu,
Vəznü vəştü ənkəhudan xəbər ver.
İman
Əzrayıl oxudu lövhi-məhfuzu,
Peyğəmbər kəfənin toxudu özü.
Cəbrailə dedi, siğə qıl bizi,
Adəm ilə o Həvvanı deməkdi.
Sadıq
O kim idi, bir məkana yetmədi?
O kim idi, əyri yolu tutmadı?
O nələrdi, öz həddinə çatmadı?
Həftü həştü sivü dudan xəbər ver.
İman
Musa haqqın hesabına yetmədi,
Salman idi, əyri yolu tutmadı.
Cənnət, cəhənnəmdi, həddə çatmadı,
Aydı, gündü, otuz sanı demədi.
Sadıq
O kim idi, yetişmədi nisaba?
Kim idi, peyğəmbərə oldu əsaba?
Xəstə Qasım, özün yetir hesaba,
Bərrü, bəhrü səngü sudan xəbər ver.
İman
Arif sözlərinə huş verdi sərim,
Hər yana yetirir məna gözlərim.
Coşdurur sinəmdə qəmli dəftərim,
Çox incidir bu İmanı deməkdi.