Aşıq Sadıqla deyişmə (II)

Aşıq Sadıqla deyişmə (II)
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 196-199

Sadıq
Adəmdən Xatəmə
Natiqi-quran mənim.
Din mənim, məzhəb mənim,
Yol mənim, ərkan mənim.
Gül mənim, bülbül mənim,
Sünbüllü reyhan mənim.
Yerdə insan, göydə qılman,
Ərşdə aslan mənim.

İman
İbtidadan intəhaya
Gərdişi-dövran mənim.
Nuri-əhməd xəlq olandan
Axır əz-zaman mənim.
Dil mənim, Zəbul mənim,
Qabili-tuban mənim.
Heydər mənim, Səfdər mənim,
Ol Şahi-Mərdan mənim.
Nuri-ənvər, Şəmsü Qəmər,
Rakini-iman mənim.

Sadıq
Abü ataş, xakü baddan
Yaratdı sübhan bizi.
Altı mindən altı yüzü
İsbat qıldı üç yüzü.
Dörd yüz arxa bağladı
Dəryada qırx dörd dənizi.
Yetmiş üçün mən biriyəm,
Altımışın qırx səkkizi.
Beş içində altı məkkə,
Səkkiz yüz fərman mənim.

İman
Ab, ataş - odda, sudu,
Xak - torpaq, bad - yel.
Altı mindən doqquz yüzdü
Həmdin nizamı bir il.
Sünnət əmri nəhyi məkruh,
Dörd yüz qırx dörd, onu bil.
Sovm içində müqəddimat,
Məkkə səkkiz yüz səbil;
Bu elmədə xaliq verib
Dərsimi pünhan mənim.

Sadıq
Yeddi eyvan, səkkiz seyvan,
Qırx sütun, bir ləngəri.
Yeddi molla, yeddi dərviş,
Yeddi püst, yeddi dəri.
Yeddi min qırxdan irəli,
Səkkiz yüz dörddən bəri;
Bi işləri cəm edənin
Sərinə əsər gəli.
Pir mənim, ustad mənim,
Yol mənim, ərkan mənim.

İman
Yeddi eyvan - cəhənnəmdi,
Səkkizdi Rizvan səda;
Ənbiyalar, övsiyalar
Qırx sütun ləngər xuda.
Yeddi səhvi, yeddi şəkki,
Yeddi ruz, yeddi nida.
Yeddi min qırx - keçən tarix,
Səkkiz yüz dörddü cüda;
Həm bənasız, həm vəfasız,
Nə olsa viran mənim.

Sadıq
Bistü həştü nisb içində
Yar məni isbat edər;
Bir mürəkkəbdə oxunan
Sureyi-əyyat edər.
Altı min altı yüz
Otuz dördü zat edər;
İncil, Zəbur, Söhvü Tövrat,
Ayeyi-Quran mənim.

İman
İslamiyyət aləmində
İyirmi səkkiz hərf var;
Xaçpərəstdə altı arıq,
Otuz dördür aşikar.
Bir tərəfdə nəzər qılsa,
Heydər - Düldülsəvar;
O eyndə nitqə gəlsə,
Əfv olunan can mənim.

Sadıq
Xəstə Qasım Tikmədaşlı,
Sahibi-cümlə xata.
Var ümidi taci-merac,
Billəm ki, eylər əta.
Gəlsə dəftər, olsa rəhbər,
Şahsuvar innafəta;
Nə qədər günahım olsa,
Əfv eylər rəhman mənim.

İman
Novrəs İman Göyçə elli,
Sidqi şahi-heydərə;
Ərşi-əladan mədh gəldi,
Biz də yazdıq dəftərə;
Tifil ikən məhd içində
Hökm qıldı əjdərə;
Xaliq özü şəfaətçi
Yazdı ruzi-məhşərə;
Qorxum yoxdu qurulanda
Ədalət divan mənim.