Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi

Aşıq Valehlə aşıq Mahmudun 3-cü deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Mahmud
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Üçüncü deyişmə
Aşıq Mahmud

Aşıq Valeh, mənlə girmə meydana,
Bağını-bağçanı duman eylərəm!
Bulud olub qarışaram havaya,
Baharlı gününü boran eylərəm!

Aşıq Valeh

Mahmud, səni qəza tora salıbdı,
 Əhvalını bu gün yaman eylərəm!
Pozular növrağın, qan ağlar gözün,
Cəlallı yurdunu viran eylərəm!

Aşıq Mahmud

Hərdən bənzəyərəm eşqi-həvəsə,
Hərdən bənzəyərəm tilsim qəfəsə,
Hərdən bənzəyərəm isti nəfəsə,
Hərdən küləklənib tufan eylərəm!

Aşıq Valeh

Qatarı üzülməz bir güzaram mən,
Ariflər mülkündə bir diyaram mən.
Gül-nərgiz bitirən bir baharam mən,
Boranlı dağları aran eylərəm!

Aşıq Mahmud

Aşıq Mahmud səni salacaq tora,
Vuracaq qəlbinə sağalmaz yara.
Qul edib divanda çəkəcək dara,
Tutulacaq nitqin, güman eylərəm!

Aşıq Valeh

Aşıq Valeh məşhur olub cahanda,
Mərd dayanıb neçə belə divanda.
Ağlın itər, sözün qalar dəhanda,
Səni öz başına vuran eylərəm!