Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsi

Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsi
Müəllif: Aşıq Valeh — Aşıq Mahmud
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Dördüncü deyişmə
Aşıq Valeh

Aşıq Mahmud, qafiyəni dəyişdim,
İndi sənə əhli-kəbirdən deyim.
İnsidən-cinsidən, mahi-zəhrüdən,
Dəhridən, xaneyi-qəbirdən deyim.

Aşıq Mahmud

Aşıq Valeh, kəlamın anladım,
Mən də sənə ərzü-zəmindən deyim.
Aləmi-fanidən, həşri -cəfadan,
Həlati-eşqinin qəmindən deyim.

Aşıq Valeh

İstərəm ərsədə məclislər qurum,
Sədayi-suridən bir az dəm vurum.
Pəncin mənasından cavablar sorum,
Sirri-qeyibatdan , səbirdən deyim.

Aşıq Mahmud

Gəl güzar izini salma dərinə,
Toxmaq dəyər nabələdin sərinə.
Bəndəlik et ərənlərin pirinə,
Çaharı həştinin cəmindən deyim.

Aşıq Valeh

Valehəm, dərsimi vurmuşam başa,
Qırxlar cərgəsində dolmuşam yaşa.
Ərənlər piriylə durmuşam qoşa,
Sahibi-Həmzədən, Bəbirdən deyim.

Aşıq Mahmud

Aşıq Mahmud, hesab düşdü bu dağa,
Kök tərpəndi, zədə dəydi budağa.
Bənna gərək daş düzəldə bu tağa,
Bəndi-əza sərin dəmindən deyim.