Aşağı-Ləngər Xuluqda

Aşağı-Ləngər Xuluqda
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Soyuq bir cəhənnəm, bir yaman ölkə.
Soyuq güc gətirdi, sığındım kürkə.
Bu kürk olmasaydı, gəlməzdi bəlkə
Bu imansız qışın yazı Xuluqda.

Bir məktəb verdilər, eyni buzxana,
Ayaqlarım məni doydurdu cana.
Gecələr saldılar kirli yorğana,
Dedilər ol buna razı Xuluqda.

On beş gün istədim bir qalın corab,
Bir müsəlman oğlu vermədi cavab.
Mən necə söyləyim, kim çəksin hesab?
Yoxdur ki, bir adil qazı Xuluqda.

Gecə qar, gündüz qar, axşam, sabah qar,
Deməzlər ki, burda bir müəllim var...
Bağlamış qapını cüt arvadlılar,
Qızdırıb söhbəti-sazı Xuluqda.

Yığıldı hamısı - ağsaqqal, hampa,
Boyun oldu hər şey, bir də bir lampa.
Gəldilər, lampa var, şüşə yox amma,
Yandıraqmı hava qazı Xuluqda?!

Bu kənddə nə çoxdur “baş üstə”, “bəli”,
Beləliklə işlər getməz irəli.
Qorxum budur əsə bir Şimal yeli,
Müəllimin sına sazı Xuluqda?!

Yorğanlar kirlidir, basmayır yanım,
Qışda yalqız yatdım, qızmadı canım.
İşlər düzələndə, olsa bir xanım,
Haqq verə bir sərvinazı Xuluqda!

Xuluq kəndi, 1920, Pəşrin sani