Aşiqəm
Aşiqəm Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqəm.
Gecələr sübhədək eylərəm nalə,
Hərgiz düşməz könlüm özgə xəyalə.
Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.
Bir buxağı turunc, sinəsi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşlan zülfüqara aşiqəm.
Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovus tək çıxan,
Bir niqab altından pünhani baxan,
Bir əcayib xoşgöftara aşiqəm.
Vaqifəm, bədəndən canım dağılır,
Məcnun kimi xanimamım dağılır,
Görməyəndə din-imamım dağılır,
Gecə-gündüz mən didara aşiqəm.