Aşiqi-pərişan
Müəllif: Mirzə Əli Möcüz


Həmişə fikri budur aşiqi-pərişanın:
O gözlərindən öpəydi, olaydı qurbanın!
Qapını bağlama, ey bağıbani-hüsni-cəmal,
Mürəxxəs eylə məni bir görüm gülüstanın.
Xülusi-niyyət ilə gəlmişəm təmaşayə,
Eşitmişəm gül açıb tazə nari-püstanın.
Nə nar dərməyə gəldim, nə gül bu gülşəndə,
Nədir ziyanı sənə xüşgə bir təmaşanın?
Nəzarə nəqs yetirməz gülün lətafətinə,
Daha gözəlləşi barin siləndə heyvanın.
Risumi-eşqü məhəbbətdən anlamaz müflis,
Bilər doşabı olan ləzzətin mürəbbanın.
Nəzarə qıl, necə gör xalq fövc-fövc gəlir,
Ziyarət eyləməyə kəbeyi-zənəxdanın.
Gülab iyi gəlir ağzından aşikar sənin,
Gül üstə nəsb olunub yoxsa dürri-dəndanın?
Əgər deyəm ləbüvə qənd, dahanüvə gülqənd,
Zücac qəlbi sınar pəşmək ilə həlvanın.
Dilüvi yaş rötəbə oxşadırdı şairlər,
İçində çərdəyi gər olmayaydı xurmanın.
Qələtdi zülfüvə reyhan demək və ya mərzə,
O rəngü buyi hanı mərzə ilə reyhanın?
O çeşmi-məstüvə eylər fəda bilatərdid
Verilsə aşiqə mali təmam dünyanın.
O xali-şah, o ariz, o zülfi-mari-siyəh,
Fəda olum sənə, incitmə ziri-dəstanın.
Yazanda bu qəzəli nisfi-leyl keçmişdi,
Yavaş-yavaş işığı tar olurdu lampanın.
Xanım ayıldı bu əsnadə, gördü mən yazıram,
Dedi: -Du yat, kişi, tozlu qala qələmdanın!
Təmam fikrüvü həsr etmisəi qəzəlyatə,
Düşünmüsən ki, küpü boş qalıb qovurmanın?
Sabah olanda cavabın nədir tələbkarə,
Məgər verilməyәcək maliyatı divanın?
İcarədar güzəşt eyləməz fəqirə pulun,
"Səranə"ni dərisindən çıxardı üryanın.
Xudanəkərdə Səfər bəy əgər gələ qəzəbə,
Yerində yellər əsər yastıq ilə yorğanın.
Başı bəlalı oğul Badikubədə çalışır,
Gərək yazıq ana vəchin verə müfasanın.
"Göral" rəsmidi gər, bəs bu "Görməal" nədir?!
Əcəb nizam qoyub hökmdarı Tehranın!
Bizi satır sizə bir kəlləqənd üçün molla,
O qənd işlənə, yarəb, yasında mollanın!
Məni sənə verəni həq, görüm, zəlil etsin,
Kəbin kəsəndə dili lal olaydı ağanın!…
Bu təlx söz məni pərt etdi, bilmədim nə deyim.
Dedim: Vəfasına, lənət təmam nisvanın!
Behişti-ədndə, ey kaş, həzrəti Adəm
Olaydı kor, üzünü görməyәydi Həvvanın.
Cahanda bilmədi övrət nədir, uşaq nədir,
Xoşa səadətinə həzrəti Məsihanın!
Suvay qüssə nədir xeyri bunların kişiyə,
Nə nəfi var, görəsən, bizlərə Tükəzbanın?
Eşitdi bu sözü övrət durub sərasimə,
Dedi: Tafavütü çoxdu pilovla şorbanın.
Dedim ki: Xərcinə fərmayişiz nədir pilovun,
Tutub iyirmi tümən zərbənarə tumanın!…
-Şəbüstər əhlinə kafər də olmasın arvad,
Nə xeyri var bizə bu ismi-bihüsəmmanın!
On il gedər, gələr on gün qalar vilayətdə,
Nə böylə vəslin olaydı, nə öylə hicranın.
-Vətəndən əl çəkib, ey yar, getməyim, neylim?
Buyur görüm, güzəranı hanı bu viranın?
Yəqin bilin ki, qədəm basmaz özgə torpağə,
Vətəndə xoş keçə gər ruzigarı insanın.
Soyuqda qürbətə getmək çətindir ölməkdən,
Nə bərk canı var, ilahi, bu əhli-İranın!
Nə şah şad, nə dərviş səndə, ey İran,
Nə əmi var, nə ticarət, nə şərə, nə qanun!
Bu karivanı çəkir cəhl dərreyi-mövtə,
Nə yatmısan bala, dur, məstdir şütürbanın.
Bizi əcanib edib zuri-elm ilə həmmal,
Suvay səbr nədir təkyə kahı nadanın?
Qəm aldı canımı saqi, səni ağan canı,
İçinə qədri ərəq tök o şirli fincanın!
Ərəq həramdı, lakin həlaldır rüşvət,
Tәəmmül eyləmə, qurbaniyəm bu fitvanın!
Bəqəsd rüşvə həlalı həram edib mücrüm,
Vəbalı boynuma olsun o namüsəlmanın!
Yatar mühaciri-islam ac qar üstündə,
Qalar pilov başına mətbəxində əyanın.
Kənari-pincdə əyləşmisən nəzakətlə,
Nə kar edər sənə təsiri indi sərmanın?
Nə pinci var, nə libası, edə soyuqdan hifz,
Fəqirdən xəbər al zəhmətin zimistanın.
Urus yolu açılaydı, qaçaydın, ey Möcüz,
Xilas olaydın əlindən bu kəcqabırğanın!