Aşiyani-mürği-dil zülfi-pərişanındadır
Aşiyani-mürği-dil zülfi-pərişanındır Müəllif: Məhəmməd Füzuli |
Aşiyani-mürği-dil zülfi-pərişanındadır,
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,
Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.
Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,
Göylərə açılmasın əllər ki, damanındadır.
Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm
Od nəməkdəndir ki, ləli-şəkkərəfşanındadır.
Məsti-xabi-naz olub, cəm et dili-sədparəmi
Kim, onun hər parəsi bir növki-müjganındadır.
Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat,
Ol həyat əhlinə heyranəm ki, hicranındadır.
Ey Füzuli, şəm tək mütləq açılmaz yanmadan,
Tablar kim, sünbülündən rişteyi-canındadır.