Aşnalığı
Müəllif: Xəstə Qasım
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20.

 
Ay ağalar, gəlin sizə söyləyim,
Əzəl yaxşı olar, yar aşnalığı.
Sən sevəsən, yarın səni sevməyə.
Olar bülbül ilə xar aşnalığı.

Bağban odur zəhmət çəkə, əlləşə,
Saldığı bağ çiçəkləşə, gülləşə.
Əgər gücsüz güclü ilə güləşə,
Olar tərlan ilə sar aşnalığı.

Xəstə Qasım qəm əlindən məst ola,
Əhli-dərviş xırxasında pust ola.
Bir adam ki, loxma ilə dost ola,
Olar yağış ilə qar aşnalığı.