A Qurban
A Qurban Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Acı ruzgar döydü ömür qapımı,
Qara döndü ağ dövranım, a Qurban!
Dağlarımı duman aldı, çən aldı,
Zülmət oldu asimanım, a Qurban!
Bu yazıq canımı gətirdi cana,
Ədalətsiz divan, zalım zamana,
Atəşə pərvanə, oxa nişanə,
Piltəyə şam oldu canım, a Qurban!
Tər şamama bu tağlardan kəsildi,
Ömr ağacı budaqlardan kəsildi.
Tütək səsi bu dağlardan kəsildi,
Hayıf oldu Xançobanım, a Qurban!
Aylarım bəd gəlib, illərim nəsdi,
O azca ülfəti fələk də kəsdi,
Dünya zindan oldu, məhbusu Bəsti,
Yaşamağa yox gümanım, a Qurban!