A dağlar
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.


“Xudahafiz” deyək, gəl halallaşaq,
Daha ayrılıqdı, köçdü, a dağlar.
Soldu gül, nərgizin, döndü xəzələ,
Pozuldu işrətin, keçdi, a dağlar.

Zənbur sızıldaşır şan üstə bala,
Alladıb çoxların qoyubsan dala,
Bənd olma dünyada dövlətə, mala,
Axır aqibətin puçdu, a dağlar.

Keçdi novbaharın, yazın qış oldu,
Çərx hərləndi, ömür qəmə tuş oldu,
Miskin Abdal, xəyalların puç oldu,
Dolanıb güzarım düşdü, a dağlar.