A molla (Hacı Əliş ağa)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
A molla
Müəllif: Hacı Əliş ağa
"Molla Nəsrəddin" jurnalına

Bir namə yazım ver çapa salsınlar, a Molla,
İftadələrin qeydinə qalsınlar, a Molla!

Bircə gəl oyat milləti çoxdandı yatıblar,
Yatdıqca yatar bəsdi, oyansınlar, a Molla!

Bihudə dolanmaqdı ah ilə dolanmaq,
Qoyma bunları böylə dolansınlar, a Molla!

Nə vəqtə kimi vəzi nəsihət deyəcəksən,
Lazımdır onlar özləri qansınlar, a Molla!

Əcnəbi millət özünü elmə yetirdi,
Milləti çağır yanına gəlsinlər, a Molla!

Peşman da olub millətimiz millət içində,
Nə vəqtə kimi dalüdə qalsınlar, a Molla!

Bir tayifə gül tək açılıb şölələnibdir,
Biz tayifə solsun və saralsınlar, a Molla!

Yox, yox, dolanım başına irşad elə, sən yaz,
Yaz, yaz, genə yaz, bəlkə utansınlar, a Molla!

İlxaz elədi xaricilər elmi fünun,
Qoy ağzını büzüb bizə gülsünlər, a Molla!

Türkdü bunlara yazma ərəb-farsi lisani,
Türkdülər yaz kim ani qansınlar, a Molla!