Adı var
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh (1729 - 1822) (az). shahbulaq.az (11.02.2013). Yoxlanılıb 2015-04-22.

Feyruz, söylə İstambul paşasına,
Qarabağın çox dəyərli adı var.
Dostlar üçün səfalıdır hər yanı,
Düşmən üçün min tufanı, badı var.

Bir yanı Gəncədi, bir yanı Şirvan,
Bir yanı Arazdı, bir yanı Muğan.
Dağları kəklikdi, düzləri ceyran,
Gözəl ləzzəti var, şəkər dadı var.

Bu torpağa kim əl atsa xar olar.
Geniş dünya gözlərinə dar olar.
Günü qara, işi ahu zar olar,
Bu ellərin köməyi var, dadı var.

Ərdəbilli aşıq Mahmud zay oldu,
Mə`sum Əfəndinin yaşı çay oldu.
Naxçıvanlı Süleymana tay oldu,
Bu mahalda şairlər övladı var.

Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il qabaq Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.